GDU TƏLƏBƏLƏRİNİN “FRUCTADROP” LAYİHƏSİ QLOBAL İNNOVASİYA PROQRAMININ FİNALINA VƏSİQƏ QAZANIB
Gəncə Dövlət Universitetinin tələbələrdən ibarət startap komandasının “FructaDrop” layihəsi “Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramının final mərhələsinə vəsiqə qazanıb.
Ekoloji problemlərin həllinə yönəlmiş layihə çirkli suların meyvələrdən əldə olunan biofermentlər vasitəsilə təmizlənməsini nəzərdə tutur. Ekoloji dayanıqlılıq və biotexnologiyanın tətbiqi baxımından mühüm əhəmiyyət daşıyan bu innovativ təşəbbüs ətraf mühitin mühafizəsi sahəsində alternativ yanaşmaların inkişafına, eləcə də regionlararası elmi-innovativ əməkdaşlıq üçün yeni imkanların yaranmasına töhfə verməyi hədəfləyir.
GDU startap komandasının üzvləri – Biologiya ixtisasının tələbələri Zeynəb Nağıyeva və Lətifə Rəhimli, Ekologiya ixtisasının tələbəsi Zəhra İsgəndərovadır. Komanda üzvləri 31 oktyabr 2026-cı il tarixdə Bakı şəhərində, SABAH.city məkanında keçiriləcək “Startup School 4” proqramının Final Günü – Demo Day tədbirində layihələrini təqdim etmək imkanı əldə edəcəklər. Tədbir çərçivəsində tələbələr investorlar, sahibkarlar və beynəlxalq startap ekosisteminin nümayəndələri ilə görüşəcək, potensial tərəfdaşlıq və maliyyələşmə imkanlarını dəyərləndirəcəklər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti





