Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki,1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə sabitliyin təmin edilib, dövlətçiliyin möhkəmləndirilməsi və iqtisadi inkişafın əsaslarının yaradılması istiqamətində mühüm addımlar atılıb. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənib və dünya iqtisadiyyatına inteqrasiyası sürətlənib.

İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Məsim Abadov çıxışında Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə əldə etdiyi nailiyyətlərdən danışıb.

Tədbirdə Menecment və turizm işi kafedrasının müdiri Əli Allahverdiyev “Suverenliyimizin yenidən bərpası” və  Marketinq ixtisasının I kurs tələbəsi Aydan Nəsibova “Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyəti” mövzularında məruzələrlə çıxış ediblər.

Sonda tələbələr vətənpərvərliyə aid şeirlər səsləndiriblər.