GDU-da reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusunda görüş keçirilib
Gəncə Dövlət Universitetində (GDU) “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində keçirilən görüşdə çıxış edənlər reproduktiv sağlamlığın qorunması, ailə planlaşdırılmasının əhəmiyyəti və bu istiqamətdə maarifləndirmə işlərinin vacibliyi vurğulanıblar.
Görüş zamanı qadın hüquqlarının müdafiəsi, qızların təhsildən yayınaraq erkən nikaha cəlb olunmasının qarşısının alınması, qadınlara qarşı zorakılıq və təqib hallarına qarşı mübarizə, gender bərabərliyinin təmin edilməsi kimi məsələlər diqqətə çatdırılıb.
Gəncə Beynəlxalq Xəstəxanasının həkimi Şəhla Verdiyeva çıxış edərək erkən nikahların qızların reproduktiv sağlamlığına, fiziki və psixoloji inkişafına mənfi təsirləri barədə ətraflı məlumat verib. Həmçinin sağlam ailənin formalaşmasında düzgün maarifləndirmənin və tibbi biliklərin əhəmiyyətini qeyd edib.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.


