Elmi Şuranın iclası keçirilib

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.

 Rektor Yusif Yusibov iclası giriş sözü ilə açaraq 8 Noyabr – Zəfər Günü  və 9 Noyabr Dövlət Bayrağı Günü münasibəti ilə  professor-müəllim heyətini təbrik edib.

İclasda Leksika və ölkəşünaslıq  kafedrasının əməkdaşı Ayşən Hüseynovanın  “Dil nəzəriyyəsi” ixtisası üzrə, Sosial fənlər kafedrasının əməkdaşı Lamiə Axundovanın “Siyasi nəzəriyyə” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş diplomları təqdim edərək, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

 Daha sonra rektor Yusif Yusibov Şura üzvlərini gündəlikdə olan məsələlərlə tanış edib.

İclasın gündəliyində duran birinci məsələ- Akkreditasiya Şurasının qərarına əsasən təsdiq edilmiş İnstitusional  və İbtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyanın nəticələrinə dair Yekun Hesabatda qeyd olunan tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə hazırlanmış Fəaliyyət Planı haqqında məlumat verilib.  Bildirilib ki, Akkreditasiya Şurasının 10 iyul 2026-cı il tarixli müvafiq qərarı ilə Gəncə Dövlət Universiteti 3 il müddətinə İnstitusional  və İbtidai sinif müəllimliyi təhsil proqramının akkreditasiyasından keçib. Akkreditasiya üzrə Yekun Hesabatlarda qeyd olunan tövsiyələrin vaxtında və səmərəli icrasını təmin etmək, ali təhsil ocağında təhsilin keyfiyyətini davamlı yüksəltmək, idarəetmə sistemini təkmilləşdirmək və daxili keyfiyyət təminatı mexanizmlərini gücləndirmək məqsədilə universitet üzrə müvafiq işçi qrupları tərəfindən iki ayrı Fəaliyyət Planı hazırlanıb. Həmin Fəaliyyət Planları 2026/2027, 2027/2028 və 2028/2029-cu tədris illərini əhatə edir. Planlarda akkreditasiya tövsiyələrinin icrası üzrə nəzərdə tutulan tədbirlər, onların həyata keçirilmə müddətləri və məsul struktur bölmələr müəyyən edilib. Müvafiq prosedurlara uyğun olaraq, Fəaliyyət Planları Universitetin Elmi Şurasında müzakirəyə çıxarılmadan əvvəl razılaşdırılması üçün 26 oktyabr 2026-cı il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilib və Agentliyin müvafiq razılığı alınıb.

İclasda  Akkreditasiya Şurasının qərarına əsasən təsdiq edilmiş İnstitusional  və İbtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyanın nəticələrinə dair Yekun Hesabatda qeyd olunan tövsiyə və göstərişlərin icrasının təmin edilməsİ məqsədilə hazırlanmış Fəaliyyət Planı Elmi Şura üzvləri tərəfindən səsə qoyularaq yekdilliklə təsdiq edilib.

İclasda Tədris Departamentinin direktoru Elturan Yusibovun 2026/2027-ci tədris ili üzrə departamentin fəaliyyət planına dair məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, departamentin fəaliyyətinin əsas istiqamətini tədris prosesinin normativ-hüquqi tələblərə və universitetin strateji inkişaf prioritetlərinə uyğun təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi və təhsil proqramlarının təkmilləşdirilməsi təşkil edir. Qeyd olunub ki, fəaliyyət planında tədris prosesinin əlaqələndirilməsi, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, rəqəmsal tədris sistemlərinin inkişafı, akademik heyətin peşəkar inkişafı, tələbələrə akademik dəstəyin gücləndirilməsi və keyfiyyət təminatı əsas prioritetlər kimi müəyyənləşdirilib. Eyni zamanda, fakültə və kafedralarla müntəzəm işgüzar görüşlərin keçirilməsi, təhsilverənlər üçün öyrədici təlimlərin təşkili, tədris planlarının icrasına nəzarət, monitorinq və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulub. Çıxışın sonunda fakültə dekanları və kafedra müdirlərinin fəaliyyət planının icrasına dəstək vermələri xahiş olunub.

Elmi Şuranın iclasında İnsan resursları şöbəsində mövcud vəziyyət və gələcək hədəflər haqqında şöbənin müdiri Gülçöhrə Tağıyeva çıxış edib. Şöbə müdiri bildirib ki, İnsan resursları şöbəsi universitetin kadr siyasətinin səmərəli həyata keçirilməsi, əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi və insan resurslarının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirib. Professor-müəllim heyətinin, inzibati-idarəetmə, tədris-köməkçi və digər işçi kateqoriyalarının işə qəbulu, vəzifə dəyişiklikləri, əmək müqavilələrinin bağlanması, uzadılması və xitam verilməsi, eləcə də kadr sənədləşməsinin aparılması qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilib. Şöbə tərəfindən əmək münasibətlərinin rəqəmsallaşdırılması istiqamətində tədbirlər davam etdirilib, işçi məlumat bazasının mütəmadi yenilənməsi təmin olunub.

Universitetin Kitabxana və İnformasiya Mərkəzinin mövcud vəziyyəti və 2026/2027-ci tədris ilinə dair nəzərdə tutulan hədəflərə dair mərkəzin direktoru Ayşən Əhmədovanın ətraflı çıxışı dinlənilib. Diqqətə çatdırılıb ki, Gəncə Dövlət Universitetinin Kitabxana-İnformasiya Mərkəzi 2026–2027-ci tədris ilində universitetin tədris və elmi-tədqiqat fəaliyyətinin informasiya təminatını gücləndirmək, kitabxana fondunu zənginləşdirmək və müasir xidmətləri inkişaf etdirmək istiqamətində fəaliyyətini davam etdirib. Yeni tədris ili ilə əlaqədar universitet büdcəsi hesabına müxtəlif sahələri əhatə edən yeni nəşrlər kitabxana fonduna daxil edilib. Eyni zamanda, müəllimlərin dəstəyi ilə fondun zənginləşdirilməsi işi davam etdirilib. Hazırda elektron kitabxanada resursların sayı 9 mini ötüb. Növbəti mərhələdə kitab fondunun rəqəmsallaşdırılması, elektron resursların artırılması, oxucuların ehtiyaclarının öyrənilməsi və beynəlxalq kitabxanalarla əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub.

İclasda Kimya kafedrasının əməkdaşı Pərvanə Hüseynovanın “Analitik kimya” ixtisası və Azərbaycan tarixi kafedrasının əməkdaşı  İlham Məmmədovun “Vətən tarixi”  ixtisası üzrə dosent elmi adını almağa dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması, eləcə də iqtisad üzrə elmlər  doktoru Arzu Həsənovun Menecment və turizm işi  kafedrasında vakant olan professor vəzifəsini tutması məsələsi müzakirə edilərək gizli səsvermə yolu ilə qəbul edilib.

Elmi Şuranın iclasında cari məsələlər müzakirə olunub.

Bildirilib ki, 17-18 may 2027-ci ildə Filologiya və xarici dillər fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 104-cü ildönümünə həsr olunmuş “Türk xalqlarının xil, ədəbiyyat və mədəniyyətinin nəzəri və praktik aspektləri” mövzusunda I Beynəlxalq Elmi Simpoziumun keçirilməsi nəzərdə tutulur. Simpoziumun Kafkas Universiteti Türk Dilləri və Ləhcələri Bölümü (Türkiyə), (AMEA) Folklor İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Özbəkistan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat Bölümü və Aydın Adnan Menderes Universiteti (Türkiyə) ilə birgə təşkili planlaşdırılır. Müxtəlif ölkələrdən təqribən 50 tədqiqatçının qatılmasını nəzərdə tutan bu Simpozium Türk Dünyası arasında əlaqələrin gücləndirməsinə, Türk dilləri, ədəbiyyatı və mədəniyyətinin əhəmiyyətinin dünyaya  tanıdılmasına istiqamətlənib.

Sözügedən məsələ Elmi Şura üzvləri tərəfindən müzakirə olunub və simpoziumun keçirilməsinə qərar verilib.