GDU-da buraxılış və dissertasiya işlərinin mövzuları müzakirə olunub
19–20 noyabr 2026-cı il tarixlərdə Gəncə Dövlət Universitetində (GDU) bakalavriat və magistratura səviyyələri üzrə buraxılış və dissertasiya işlərinin mövzularının seçilməsi və təsdiq edilməsi məqsədilə yaradılmış Komissiyanın iclası keçirilib.
19 oktyabr 2026-cı il tarixli, 5/515 nömrəli əmrlə yaradılmış Komissiyanın iclasında sədr — Elm və innovasiyalar üzrə prorektor, dosent Pərvin Kərimzadə, Tədris departamentinin direktoru Elturan Yusifov, Tədrisin təşkili və idarə edilməsi sektorunun müdiri Sevinc Quliyeva, eləcə də fakültə dekanları və müvafiq kafedra müdirləri iştirak ediblər.
İclasda fakültələrin elmi şuraları tərəfindən təqdim olunmuş bakalavriat və magistratura səviyyələri üzrə buraxılış və dissertasiya işlərinin mövzuları ətraflı müzakirə edilib. Mövzuların aktuallığı, ixtisasların təhsil proqramlarına və təlim nəticələrinə uyğunluğu, elmi-praktiki əhəmiyyəti, həmçinin tələbələrin müstəqil tədqiqat aparmaq imkanları diqqət mərkəzində saxlanılıb.
Müzakirələr zamanı əvvəlki illərdə təsdiq edilmiş işlərlə müqayisəli təhlilin aparılmasının və son üç il ərzində eyni və ya oxşar mövzuların təkrar təqdim edilməsinin qarşısının alınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, mövzu adlarının tədqiqatın məzmununu, predmetini və istiqamətini dəqiq əks etdirməsi, elmi-metodiki baxımdan düzgün formalaşdırılması ilə bağlı təkliflər irəli sürülüb.
İclasın yekununda təqdim olunan mövzular üzrə müvafiq qərarlar qəbul edilib. Müəyyən olunmuş tələblərə cavab verməyən və dəqiqləşdirilməsinə ehtiyac duyulan işlərin yenidən işlənilməsi, təkrar xarakter daşıyanların dəyişdirilməsi və adlarının təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verilib.
Qeyd edək ki, Komissiyanın fəaliyyətinin əsas məqsədi bakalavriat və magistratura səviyyələri üzrə buraxılış və dissertasiya işlərinin keyfiyyətini yüksəltmək, tədqiqat istiqamətlərinin aktuallığını təmin etmək, mövzu təkrarçılığının qarşısını almaq və elmi-tədqiqat işlərinin hazırlanması prosesini səmərəli təşkil etməkdir.







