ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri GDU-da olublar

  ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndə heyəti Gəncə Dövlət Universitetində olublar. Nümayəndə heyəti ilə görüşdə universitetin rektoru, professor Yusif Yusibov 10 minə yaxın tələbəsi olan GDU-nun fəaliyyəti, onun beynəlxalq əlaqələri, ikili diplom və mübadilə proqramları haqqında məlumat verib. Rektor qeyd edib ki, universitet Türkiyə, Fransa, MDB məkanında fəaliyyət göstərərən ali təhsil ocaqları ilə uğurlu əməkdaşlıq edir. Son illər Tempus və  “Erasmus+” proqramı uğurla icra edilib.  Görüşdə universitetdə aparılan islahatlar, ingilis dilində tədris olunan ixtisasların sayının çoxaldılması istiqamətində görülən işlər qeyd edilib. Bildirilib ki, universitetdə tərcümə mərkəzi fəaliyyət göstərir, yeni tədris ilindən etibarən kimya-biologiya müəllimliyi ixtisası üzrə tədris İngilis dilində aparılır.

ABŞ-ın Azərbaycandakı səfirinin mədəniyyət və təhsil müşaviri Salman Haji təhsil sahəsində mövcud proqramlar barədə danışıb. “English language fellow” proqramının təfərrüatları haqqında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, ABŞ səfirliyinin təşəbbüsü ilə reallaşdırılan layihəsi çərçivəsində 10 ay ərzində Gəncə Dövlət Universitetinə mütəxəsssilər cəlb ediləcək, ingilis dili üzrə təlimlər baş tutacaq. 2023-2024-cü tədris ilində həyata keçiriləcək proqramın məqsədi GDU-da təhsil alan tələbələrin, professor-müəllim heyətinin ingilis dili biliklərinin daha da inkişaf etdirilməsidir.

  ABŞ-in Azərbaycandakı səfirliyinin nümayəndə heyəti Gəncə Dövlət Universitetnin tədris binasında olan muzey və mərkəzlərlə yaxından tanış olduqdan sonra xarici dillər fakültəsinin tələbə və müəllim heyəti ilə görüşüb. Görüşdə Amerika-Azərbaycan əlaqələri, təhsil sahəsində həyata keçirilən proqram və Gəncə Amerika Mərkəzi haqqında məlumat verilib. Regional Ingilis dili proqramının rəhbəri Lotti Bacer qeyd edib ki, hər il tələbələr üçün Amerikada təhsil almaq imkanı yaradılıb. GDU-nun tələbələrinin də bu imkandan istifadə edə bilməsi üçün görülən işlər barədə ətraflı məlumat verilib.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.