ADA UNİVERSİTETİNİN TƏHSİL PROQRAMLARININ TƏBLİĞİ İLƏ BAĞLI TƏLƏBƏLƏRLƏ GÖRÜŞ TƏŞKİL OLUNUB

Gəncə Dövlət Universitetində(GDU)  ADA Universitetinin təqdimatı keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə rektorun Baş müşaviri Asif Cavadov, ADA Universitetinin əməkdaşları Təhsilin idarə edilməsi fakültəsinin fəlsəfə doktoru Vəfa Yunusova və Tələbə Qəbulu və Qeydiyyatı  şöbəsinin mütəxəssisi Elşad Göyüşov,  tələbələr iştirak ediblər.

Baş müşavir Asif Cavadov  gələn qonaqları tələbələrə təqdim edərək sözü onlara verib.

Təqdimat çərçivəsində çıxış edən ADA Universitetinin əməkdaşları Vəfa Yunusova və Elşad Göyüşov univerisitetdə tələbələr üçün yaradılan şərait, imkanlar və təhsil sistemi haqqında geniş məlumat veriblər. ADA universitetində olan təhsilin səviyyəsindən, tələbə və professor heyətindən, əldə etdikləri nailiyyətlərdən, qarşıda duran layihələrin icrasından danışıblar.

Bildirilib ki, ADA Universitetində müxtəlif istiqamətlərdə bakalavr və magistr proqramları təsis olunur. Bütün proqramlarda təhsil yerli və xarici professorlar tərəfindən ingilis dilində aparılır. Universitetin əsas məqsədlərindən biri də respublikanın digər universitetləri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsidir. ADA universitetinin məqsədi  Azərbaycanın gələcəyi üçün savadlı kadrların, dövlətçiliyi dəstəkləyən şəxsiyyətlərin yetişdirilməsidir.

Tədbir zamanı ADA Universitetinə aid videoçarxlar nümayiş etdirilib.

Sonda ADA Universiteti ilə bağlı gəncləri maraqlandıran suallar cavablandırılıb.