Akkreditasiya Komissiyasının Yekun Hesabatına əsasən verilən tövsiyələrin icrası ilə bağlı GDU-da Komissiyalar, onların tərkibində isə İşçi və Monitorinq qrupları yaradılıb

          Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təşkil olunmuş Akkreditasiya Komissiyasının Yekun Hesabatına əsasən verilən tövsiyələrin icrası ilə bağlı Gəncə Dövlət Universitetində 11 mart 2025-ci il tarixdə növbəti iclas keçirilib.

      Universitetin rektoru Yusif Yusibov ali təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılan və növbəti müddətə fəaliyyət üçün hüquqi təminat yaradan akkreditasiya prosesinin zəruriliyindən bəhs edib, Akkreditasiya Komissiyası  tərəfindən verilən tövsiyələrin icrası ilə bağlı mövcud vəziyyət və qarşıda duran məsələlər haqqında ətraflı danışıb. Təsdiq edilmiş Fəaliyyət Planına əsasən  “Mütəmadi monitorinq və əks-əlaqə mexanizminin yaradılması” və “ Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının formalaşdırılaraq davamlı fəaliyyətinin təmin edilməsi” üçün əsasnamələrin hazırlandığı, eləcə də komissiyalar, onların tərkibində isə işçi və monitorinq qruplarının yaradıldığı diqqətə çatdırılıb.

      Prorektorlar, universitet üzrə  Akkreditasiya Komissiyasının sədri, istiqamət rəhbərləri, fakültə dekanları, komissiyaların  tərkibində yaradılan işçi və monitorinq qruplarının sədrləri və üzvlərinin iştirak etdiyi iclasda İnnovasiyalar Departamentinin direktoru və operativ işçi qrupun rəhbəri Vasif Həsənov Akkreditasiya Komissiyasının Yekun Hesabatında tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə 7 istiqamət üzrə görüləcək işlər haqqında məlumat verib, qarşıdakı mərhələlər haqqında ətraflı danışıb.

    İclasda rektor Yusif Yusibov akkreditasiya prosesinə uyğun olaraq, universitetin üzərinə düşən tələb və öhdəliklərin icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti