ALMAN DİLİ KAFEDRASI SEMİNAR TƏŞKİL ETDİ
Bir neçə ildir ki, Gəncə Dövlət Universitetinin Alman dili kafedrasının Azərbaycandakı Almaniya səfirliyi, həmçinin Almaniyanın Bakıdakı Alman Mübadilə Xidməti ilə (DAAD) əlaqəsi davamlı şəkildə inkişaf etdirilir. DAAD-ın rəsmi direktoru Stefani Dufauks və onun təlimçisi Kristina Neftsker də Alman dili kafedrasının tələbə və müəllim heyəti ilə görüş keçirməyi, seminarlar, treninqlər təşkil etməyi unutmurlar. Kafedranın müəllim heyəti ilə görüşən DAAD-ın rəsmi direktoru tərəfindən əvvəl keçirilmiş treninqdə iştirak etmiş müəllimlərə sertifikatlar verildi.
Bu günlərdə Universitetin əsas binasında alman dili ixtisasının 12 nəfər tələbə heyəti ilə “Azərbaycan və Almaniyada gənclər mədəniyyəti” mövzusunda vorkshop keçirildi. Tədbirdə mövzu ətrafında diskussiya edildi və seminarın yekununda fəal tələbələr sertifikatlara sahib oldular.
Tədbirin sonunda yay kurslarının nəticəsi açıqlandı. Əlizadə Səma (II kurs), Əliyev Loğman (III kurs) və İmanova Solmaz (III kurs) Almaniyanın Frayburq şəhərində 1 aylıq kurs keçmək üçün təqaüd qazandılar.
Bundan əlavə iyun ayında “Mədəniyyətlərarası fərqlər” mövzusunda seminar keçirmək nəzərdə tutuldu. Həmçinin yeni layihələr müzakirə olundu.
Seminardan sonra Göygöl rayonundakı alman abidələrinə, alman kilsəsinə, Viktorun ev muzeyinə və Gəncənin görməli yerlərinə gəzintilər təşkil edildi.