AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı Gəncə Dövlət Universitetində ustad dərsi keçib
23 noyabr tarixində Gəncə Dövlət Universitetində AMEA-nın müxbir üzvü, dünya şöhrətli alim, kimya elmləri doktoru, GDU-unun Fəxri doktoru, professor Məhəmməd Babanlı “Faza diaqramları kimyəvi materialşünaslıqda” mövzusunda ustad dərsi keçib.
Kimyəvi materialşünaslığın müasir problemlərinə həsr edilmiş nümunəvi dərsdə universitetin rektoru, professor Yusif Yusibov, Kimya-biologiya fakültəsinin professor-müəllim heyəti, tələbələr, professor İmir Əliyev və digər universitetlərin akademik heyəti iştirak ediblər.
Rektor Yusif Yusibov çıxış edərək vaxt ayırıb ali təhsil ocağında ustad dərsi keçdiyinə görə GDU-nun Fəxri doktoru Məhəmməd Babanlıya minnətdarlığını bildirib. Rektor Yusif Yusibov professorun ən mühüm elmi nailiyyətlərindən, həmçinin elmi kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətindən danışıb. Diqqətə çatdırılıb ki, professor Məhəmməd Babanlının elmi rəhbərliyi ilə 4 kimya elmləri doktoru, 40-dan çox kimya üzrə fəlsəfə doktoru hazırlanıb.
Çıxışlardan sonra professor Məhəmməd Babanlının “Faza diaqramları kimyəvi materialşünaslıqda” mövzusunda mühazirəsi dinlənilib.
Ustad dərsində görkəmli alim Məhəmməd Babanlı Gəncə Dövlət Universiteti ilə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə elmi tədqiqatlarının nəticələrinə dair məruzə ilə çıxış edib.
Sonda dərs iştirakçılarının mövzu ərtafında sualları cavablandırılıb.
Qeyd edək ki, 24 noyabr tarixdə professorun növbəti açıq dərsi univerisitetin Kimyəvi materialşünaslıq laboratoriyasında təşkil ediləcək.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti