Avropa İttifaqının Azərbaycandakı səfiri Gəncə Dövlət Universitetində olub

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko martın 5-də “Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi” layihəsinin təqdimatı ilə əlaqədar Gəncə Dövlər Universitetində olub.

            Səfir və onu müşaiyət edən nümayəndələr əvvəlcə universitetin foyesində 44 günlük Vətən müharibəsində şəhid olmuş universitet əməkdaşlarının şəkillərindən ibarət guşəyə baxış keçirmiş və önünə tər qərənfillər düzmüşdür. Sonra Nizami Gəncəvi adına iclas zalında layihənin təqdimatı keçirilmişdir. Təqdimat mərasimində universitet rektorunun baş müşaviri Asif Cavadov çıxış edərək qonaqları salamlamış və respublikanın qərb bölgəsində ən qocaman ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti haqqında ətraflı məlumat vermişdir.

            Sonra innovasiyalar departamentinin direktoru Vasif Həsənov Avropa İttifaqı ilə universitet əməkdaşlığının verdiyi səmərədən danışmış, belə əməkdaşlıq çərçivəsində əlaqələrin bundan sonra da genişləndirilməsi üçün qarşıda duran vəzifələri, eləcə də arzu və təkliflərini səfirin diqqətinə çatdırmışdır.

            Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Gəncə Dövlət Universitetində olmağından məmnun olduğunu bildirmiş, kiçik və orta biznesin, həmçinin ağıllı şəhər və kənd layihələrinin Azərbaycana böyük səmərə verəcəyini diqqətə çatdırmış və təmsil etdiyi qurumun bu sahədə əməkdaşlığın vacibliyini  qeyd etmişdir.

            Layihənin təqdimatından sonra Peter Mixalko və onu müşaiyət edən qonaqlar yaxın vaxtlarda universitetdə açılışı olacaq Nizami Gəncəvi adına Dayanıqlı Ağıllı Şəhərlər və Regionlar Mərkəzində görülən işlərlə tanış olmuşlar. Burada səfirə universitetin xatirə hədiyyələri təqdim olunmuşdur.

            Sonra Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko universitetin 5-ci tədris korpusunda tələbələrlə görüş keçirmişdir.   

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti