Bayramınız mübarək, əziz qadınlar!

Tarix boyu Azərbaycan qadını cəmiyyətimizin mənəvi dayağı olmuş, ölkəmizin simasını müəyyənləşdirmək üçün böyük fədakarlıq göstərmişdir. Milli müstəqillik və dövlətçilik ideaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında, beynəlxalq dayaqların möhkəmlənməsində və imicinin formalaşmasında fəal iştirak edərək dövlətimizin sosial-iqtisadi, elmi intellektual potensialının artırılmsına layiqli töhfələr verirlər. Odur ki, təqvimin ən əlamətdar günlərindən biri olan 8 mart-Beynəlxalq Qadınlar Günü ölkəmizdə böyük təntənə ilə qeyd edilir.

Azərbaycanda qadına-anaya daim böyük ehtiram və hörmət bəslənmişdir. Ana həmişə müqəddəs olmuş, namus, qeyrət  rəmzi, paklıq təcəssümü hesab edilmişdir. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Son illər ölkəmizdə milli təhsilimizin inkişafı, onun keyfiyyətlə yeni mərhələyə yüksəldilməsi, eləcə də təhsildə idarəetmə sisteminin yenidən qurulması və onun qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. Heç şübhəsiz ki, həmin işlərdə xanım müəllimlərimizin də əməyi böyükdür. Odur ki, təhsilimizin və mədəniyyətimizin inkişafında müstəsna rolu olan Azərbaycan xanımlarını, o cümlədən Gəncə Dövlət Universitetində çalışan qadınları 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara uzun ömür, cansağlığı arzulayırıq.

Bayramınız mübarək, əziz qadınlar!

                                                                               REKTORLUQ