AVROPA UNİVERSİTETLƏRİNDƏ MAGİSTR TƏHSİLİ ALAN TƏLƏBƏLƏRLƏ BİRGƏ ONLİNE KONFRANS TƏŞKİL EDİLİB

Gəncə Dövlət Universitetində “Nizami Gəncəvi və Dünya ədəbiyyatı” mövzusunda online beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda Avropa Universitetlərində magistr təhsili alan alman, avstriya  və azərbaycanlı tələbələr də iştirak ediblər .

Millət vəkili, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə konfrans iştirakçılarını  salamlayaraq, online tədbirdə onlarla birlikdə olduqları üçün təşəkkürünü bildirib .

Prorektor Pərvin Kərimzadə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını konfrans  iştirakçılarının  nəzərinə çatdıraraq bildirmişdir ki, bu mövzu ətrafında xarici universitetlərlə də  birgə tədbirlər keçirilməsi planlaşdırılır.

 Daha sonra  Almaniya WayhenştefanTrizdorf Universitetinin magistr tələbəsi Zamil Həsənov dahi şahir Nizami Gəncəvinin həyatı və əsərləri haqqında qonaqlara alman dilində geniş məlumat verib .

Gəncə Dövlət Universitetinin İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin əməkdaşı, Almaniya Ausburg universitetinin doktorantı Maqsud Vəliyev alman dilində Nizami Gəncəvinin əsərlərinin dünya mədəniyətinə bəxş etdiyi zəngin ədəbi irs və dünya ədəbiyyatına verdiyi töhvələri diqqətə çatdırıb.

Gəncə Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin tərcüməçisi Səkinə Tağıyeva Nizami Gəncəvinin bəzi şeirlərini alman dilində səsləndirib.

Tədbir çərçivəsində Nizami Gəncəvi irsindən bəhs edən videoçarx nümayiş etdirilib. Konfrans  iştirakçılarına Nizami Gəncəvi haqqında ətraflı məlumat verildikdən sonra söz qonaqlara verilib.

Qonaqlardan Almanyalı Johanna Müller, Michael Wasser, Baguma Solomon, Avstriyalı Lyli Scholz, Rachel Mahunde tədbir üçün öz təşəkkürlərini bildirib, Nizami Gəncəvi irsi ilə tanış olduqlarından məmnun olduqlarını qeyd ediblər.

Konfrans Azərbaycan və Alman dillərində təşkil edilmişdir.