AXC-nin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyasına dair yeni kitab işıq üzü görüb

AMEA Gəncə Bölməsi, Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqovun “AXC-nin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası” adlı yeni kitabı çapdan çıxıb.

Kitabın müəllifi bildirib ki, yeni tədqiqat işi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə hazırlanıb.

AXC-nin yaranmasını tariximizin ən şərəfli hadisəsi kimi dəyərləndirən Həsənbala Sadıqov bildirib ki, yalnız bu hadisə xalqımızın dünya dövlətləri içərisində dövlətçilik indeksinin nə qədər yüksək olduğunu ortaya qoyan dəyərli faktdır.

“Transqafqaz dövlətini və Seymini milli ziddiyyətlər dağıtdı. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Azərbaycan Cümhuriyyətinin liderləri bilirdilər ki, onlar Tiflisdə uzun müddət qala bilməyəcəklər. Onlar ölkəyə sahib çıxmalı, bunun üçün də Bakını bolşevik ermənilərdən azad etməli idilər.Birbaşa Bakıya getmək mümkün deyildir. Ona görə də cümhuriyyət rəhbərləri dünya dövlətlərinə müstəqilliklərini elan edərkən paytaxt olaraq Gəncəni göstərirdilər. Azərbaycan Xalq Cümhuriyyəti 18 gündən sonra Gəncəyə gəldi. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin 3 aylıq Gəncə dövrü tariximizin və dövlətçiliyimizin şanlı səhifəsidir” – deyə professor Həsənbala Sadıqov qeyd edib.

Müəllif deyir ki, çox yanlış olaraq belə bir fikir formalaşıb ki, güya AXC Gəncədə olduğu müddətdə dövlətçilik üçün lazım olan hüquqi aktları hazırlaya bilməyib. Bəzi tarixçilər bunu AXC liderlərinin dövlət işindəki səriştəsizlikləri ilə əlaqələndirmək istəyirlər.

Lakin, uzun müddət arxivlərdə çalışan alim son zamanlarda Azərbaycan Dövlət Arxivində işlədikdə Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü hökümət dəftəxanasının sənədlərinə rast gəlib və bütün sənədlərin surətini hazırlandığı yerə – Gəncəyə gətirib.

Arxiv sənədlərini araşdıran alim həmin sənədlərin təsnifatını və xronologiyasını hazırlayıb. Məlum olub ki, AXC-nin Gəncədə fəaliyyət göstərdiyi 1918-ci ilin 16 iyunundan-16 sentyabra kimi ümumilikdə 210 idarəçilik haqqında qanunlar-hüquqi aktlar qəbul edilib. Onları qruplaşdırdıqda o da məlum olub ki, bu sənədlər həm də dövrünə görə çox mükəmməl qanunvericilik aktlarıdır.

Kitabın ikinci, Xronologiya hissəsində isə müəllif çox maraqlı məsələlərə yer ayırıb. Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də süqut etməsinə baxmayaraq cümhuriyyət ideyası uzun illər mübarizəsini davam etdirib. Necə deyərlər, “Cümhuriyyət süqut etdi, yaşasın cümhuriyyət!”

Elə kitabdakı xronologiyanın da ən mühüm məziyyəti ondan ibarətdir ki, müəllif kitabın bu hissəsində vaxtilə Avropaya və Türkiyəyə mühacirət edən cümhuriyyət xadimlərinin fəaliyyətinə geniş yer ayırıb.

Qeyd edək ki, monoqrafiyada AXC-nin Gəncə şəhərində fəaliyyət göstərdiyi 3 ay müddətində qəbul etdiyi 200-dən artıq hüquqi sənəd sistemləşdirilərək xronoloji ardıcıllıqla oxuculara təqdim olunub. Nəşrdə çoxsaylı arxiv sənədlərinə, yerli və xarici mənbələrə istinad edilib.