Müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq

Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulması dövlətimizin başçısı Cənab İlham Əliyevin ölkənin enerji potensialının gücləndirilməsinə və milli energetikamızın inkişafına göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.

        2025-ci ildə elektrik stansiyasının istifadəyə verilməsi ilə Azərbaycanın enerji potensialı daha da güclənəcək, ölkəmiz öz imkanlarından tam istifadə edərək həm daxili tələbatını ödəyəcək, həm də elektroenergetika, təbii qaz sahəsində daha böyük addımlar atacaq. Hazırda Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu stansiya, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.

Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır. Bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin.

Bununla yanaşı, stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq, beləliklə, ətraf mühitə böyük faydası olacaqdır.

  Stansiya xarici tərəfdaşlarla birlikdə inşa ediləcək. İstilik Elektrik Stansiyasının tikintisində İtaliyanın və Çinin şirkətləri iştirak edəcək. İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı isə təsadüfi deyil. İtaliya Azərbaycanın strateji tərəfdaşıdır.

Qeyd edək ki, Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti