Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir

Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır. Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir, – bu barədə dəfələrlə danışılıb, – gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq. Ona görə biz bu üstünlükdən səmərəli şəkildə istifadə etməliyik. Təbii ki, ölkə daxilində elektrik enerjisinə artan tələbat nəzərə alınmalıdır. Xüsusilə bizim sənaye inkişafı ilə bağlı böyük planlarımız var. Həm əhali artır, həm sənaye istehsalı xüsusilə qeyri-neft sektorunda artır və bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır. Ona görə bizim enerji güclərimiz ölkənin inkişafını dəstəkləməlidir. Bu sözləri Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

Dövlətimizin başçısı onu da qeyd edib ki, Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Xarici sərmayələr qorunub – həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin inkişafını müəyyən edib, o cümlədən Azərbaycanın. 30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti