Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev xalqın etimadını qazanan liderdir

2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

       2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir.

   Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.  Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına,  minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.

    Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi.

      Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 20 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir.

    Dövlət başçısı İlham Əliyev “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi.

     Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

   Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi.   

     Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.   

    Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

    2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü.

           Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa regionu ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir.

            Prezident İlham Əliyevin siyasi portretini formalaşdıran ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən Prezident bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib.

            Ölkəmizdə gənclər siyasəti sahəsində əldə olunan uğurlar gələcəyə hesablanmış siyasətin nəticəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

    Siyasi partiyaların fəaliyyətinin stimullaşdırılması istiqamətində görülmüş işlər kontekstində müxtəlif media qurumları ilə yaradılmış əməkdaşlıq əlaqələri də qeyd olunmalıdır. Siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi məqsədilə “Azərbaycan”, “İki sahil”, “Yeni Azərbaycan” və “525-ci” qəzetlərdə dövlət siyasəti barəsində müxtəlif siyasi partiya liderlərinin mülahizələri dərc edilir. Bu məqsədlə “Azərbaycan” qəzetində “Milli maraqlar naminə əməkdaşlıq” adlı həftəlik rubrika, “525-ci” qəzetdə isə “Siyasi dialoq” adlı xüsusi rubrika təsis olunmuşdur. İndiyədək siyasi partiya rəhbərləri qeyd olunan rubrikalar çərçivəsində siyasi dialoqla bağlı 50-dən çox məqalə ilə çıxış etmişlər.

   Aparılan islahatlar sayəsində və demokratik dəyərlərə sadiqliyin nəticəsində Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın deyil, regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir. 760 mindən artıq üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir.

    Böyük potensiala malik olan YAP Prezident İlham Əliyevin həmfikirləri və silahdaşlarını öz ətrafında birləşdirərək ölkədə peşəkar vətənpərvər kadrların yetişdirilməsində əsas siyasi birliyə çevrilmişdir.

    Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. 44 günlük Vətən Müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.

    Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti