Azərbaycan Avropanın enerji şaxələndirilməsinə unikal töhfələr verir
Azərbaycan artıq xammal ixrac edən ölkə statusundan çıxaraq, enerji siyasətinin istiqamətini təyin edən qlobal bir aktora çevrilib. Bu reallıq Bakı Enerji Həftəsində bir daha öz təsdiqini tapdı. Bakının bu qlobal dialoqa ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenadakı siyasi və iqtisadi nüfuzunun birbaşa göstəricisidir.
Əldə edilən nailiyyətlərin kökündə ölkə rəhbərliyinin uzaqgörən və çoxşaxəli inkişaf strategiyası dayanır. Azərbaycan karbohidrogen ehtiyatlarını səmərəli idarə etməklə bərabər, gələcəyə hesablanmış addımlar atır. Enerji təhlükəsizliyi artıq təkcə resurs bolluğu deyil, anlayış həm də alternativ marşrutların mövcudluğunu, ekoloji öhdəlikləri və fasiləsiz təchizatı özündə birləşdirir. Azərbaycan məhz bu prinsiplərlə hərəkət edərək Avropanın enerji şaxələndirilməsinə unikal töhfələr verir və regional əməkdaşlıq mühitini gücləndirir.
Son illərdə alternativ enerji sektoruna yönələn irihəcmli investisiyalar ölkəmizin energetika tarixində yeni səhifə açır. Beynəlxalq tərəfdaşlarla birgə icra edilən külək və Günəş elektrik stansiyaları layihələri, habelə azad edilmiş torpaqlarımızda tətbiq olunan yaşıl enerji zonası modeli ölkəmizin gələcək iqtisadi vizyonunu əks etdirir. Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşən bu proqramlar yalnız yaşıl enerji istehsalını hədəfləmir, həm də ekoloji cəhətdən təmiz, müasir ekosistemin qurulmasına xidmət edir.
Ölkəmizin strategiyasının ən güclü tərəfi isə ənənəvi resurslarla (neft, təbii qaz) alternativ enerji mənbələri arasında mükəmməl bir balansın qurulmasıdır. Mavi yanacaq ixracını artırmaqla bərabər, yaşıl layihələri paralel şəkildə sürətləndirmək Azərbaycanın qlobal iqlim hədəflərinə sadiqliyini nümayiş etdirir. Bu yanaşma həm daxili iqtisadi dayanıqlığı qoruyur, həm də beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin icrasını təmin edir.
Ölkəmizin vizyonu, sadəcə, enerji sektoru ilə məhdudlaşmır. Burada nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi də xüsusi yer tutur. Yeni dəmir və avtomobil yollarının inşasına, logistik infrastruktura böyük sərmayələr qoyulur. Uğurla işləyən Şərq-Qərb dəhlizinin mühüm seqmenti olacaq Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra ölkəmizin tranzit imkanlarını daha da artıracaq və regiona böyük dividend gətirəcək.
Elektroenergetika sahəsində də regional şəbəkələşmə prosesi sürətlənir. Azərbaycandan Gürcüstana, oradan isə Qara dənizin dibi ilə Rumıniya və Macarıstana qədər uzanacaq “Qara Dəniz Yaşıl Enerji” kabel layihəsi qitələrarası inteqrasiyanı gücləndirir. Bu nəhəng infrastruktur layihəsi həm ölkələr arası münasibətləri dərinləşdirir, həm də Avropanın enerji təhlükəsizliyinə yeni nəfəs verir.
Azərbaycan bu gün artıq qlobal layihələrin investoruna çevrilib. Ölkəmiz sərmayə coğrafiyasını genişləndirməklə yanaşı, beynəlxalq enerji arxitekturasının təhlükəsizliyinə birbaşa zəmanət verir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti


