Azərbaycan Avropaya yaşıl enerji ixracında əsas ölkələrdən birinə çevrilir

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının məhz Bakıda açılışı ölkəmizin həm siyasi, həm də iqtisadi nüfuzunun göstəricisi və eyni zamanda enerji siyasətimizdə yeni mərhələsi idi.

     Dövlət başçısı Cənab İlham Əliyev bu mötəbər tədbirdə çıxış edərək bundan əvvəlki toplantıdan ötən müddətdə dünyada dəyişikliyin enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyətinin daha da artdığını və enerji təhlükəsizliyinin həqiqətən milli təhlükəsizlik məsələsi kimi diqqət çəkdiyini bildirib.

    Dövlətimizin başçısı daha sonra qeyd edib ki, Cənub Qaz Dəhlizinin icrası zamanı müəyyən yubanmaların nəzərə çarpmasına baxmayaraq, bu layihə mümkün qədər tez başa çatdırılıb. Hazırda isə adıçəkilən dəhlizin genişləndirilməsi ilə bağlı fəaliyyətə başlanılıb.

   Prezident İlham Əliyev çıxışında Cənub Qaz Dəhlizinin iki il öncə istismara verildiyini, bu gün isə TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsinin nəzərdən keçirildiyini vurğulayıb.

    Tədbirlərdə Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

     Ötən il Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenin iştirakı ilə imzalanmış enerji sahəsində Strateji Memorandum uğurlu əməkdaşlığımızın zəmanətidir.

Ölkə daxilində enerji səmərəliliyi üzərində işlər aparılır. Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işlər görülür. İtkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində işlər aparılır.

Təbii qaz ixracı artır. Belə ki,  qaz ixracı 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Cari ildə isə onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir.

    TANAP və TAP daxil olmaqla Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verib. Dövlət başçısının qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələr aparılan zaman bu layihənin reallaşacağına çoxu ümid etmirdi. Layihənin xərclər smetası böyük idi, ciddi maliyyələşmə məsələləri var idi. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın dəstəyi hesabına region üçün ən böyük layihə gerçəkləşdi. Ümumiyyətlə, Azərbaycanın dəstəyi və təşəbbüsü olmasaydı, Cənub Qaz Dəhlizinin reallaşması mümkün deyildi.

   Ötən müddətdə Avropada Cənub Qaz Dəhlizi potensialının artırılması ilə şaxələndirilmə xüsusi diqqətdə saxlanılıb. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında da bu məsələyə prioritet istiqamət kimi yanaşılıb.

   Qürurverici haldır ki, Azərbaycan Avropaya yaşıl enerji ixracında əsas ölkələrdən birinə çevrilir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti