Azərbaycan İlahiyyat İnstitutunun heyəti Gəncə Dövlət Universitetində olub

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovla və İnstitutun əməkdaşları ilə görüşüb.

Rektor Yusif Yusibov Gəncə Dövlət Universitetində təhsilin səviyyəsinin yüksəldilməsi, tədrisin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən, əldə edilən nailiyyətlərdən bəhs edib. Professor Yusif Yusibov Gəncə Dövlət Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrin hər iki tərəf üçün səmərəli olacağını bildirib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Gəncə Dövlət Universitetində baş tutan görüşdən məmnunluğunu ifadə edərək, bu ali təhsil müəssisəsi ilə İnstitut arasında qarşılıqlı əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib. İlahiyyat İnstitutunun fəaliyyəti haqqında ətraflı məlumat verən C.Məmmədov xarici universitetlərlə yanaşı, yerli təhsil müəssisələri ilə də əlaqələrin qurulması istiqamətində səylərini davam etdirdiklərini nəzərə çatdırıb.

Görüşdə elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq, maraq doğuran mövzularda təcrübələrdən qarşılıqlı faydalanma, birgə elmi konfrans, seminar, elmi-tədqiqat işləri və mühazirələrin təşkil olunması, iki ali təhsil müəssisəsi arasında müştərək fənlər üzrə müəllim mübadiləsinin formaları, yay məktəbi çərçivəsində ikitərəfli görüşlərin təşkili barədə müzakirələr aparılıb.