Azərbaycanın həyata keçirdiyi sülh təşəbbüsləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Ermənistanda keçirilən Zirvə görüşündə videobağlantı formatında çıxışı Azərbaycanın müharibədən sonrakı mərhələdə formalaşdırdığı sülh arxitekturasının, dövlətçilik iradəsinin və strateji uzaqgörənliyinin açıq manifesti oldu. Prezident İlham Əliyevin nitqində əsas xətt son dərəcə aydın idi. Azərbaycan qalib dövlət kimi intiqam və revanşist siyasət aparmır, əksinə bölgədə davamlı sülhün, nəqliyyat bağlantılarının, iqtisadi əməkdaşlığın və qarşılıqlı etimadın qurulması üçün real addımlar atır. Bu yanaşma yalnız diplomatik ritorika səviyyəsində qalmır. Azərbaycanın Ermənistana tətbiq etdiyi tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması, Azərbaycan ərazisi vasitəsilə Ermənistana minlərlə ton yükün çatdırılması, həmçinin benzin və dizel yanacağının ixracına başlanılması sülhün praktiki müstəvidə qurulduğunu göstərir. Bu gün Bakı regionda nizama salan, sistem quran, strateji gələcək inşa edən siyasi mərkəz kimi çıxış edir. Prezident İlham Əliyevin 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünü Azərbaycanda keçirmək dəvəti də sadə ev sahibliyi təşəbbüsündən daha geniş məna daşıyır. Bu dəvət Azərbaycanın Avropa siyasi məkanında artan nüfuzunun və regionda sülhün əsas təminatçısına çevrilməsinin rəmzidir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

