Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın memarı
Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın memarı” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.
Unversitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı kimi adını tariximizə əbədi həkk etdirib. Ümummilli Liderin qurucusu olduğu müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı inkişaf yolunda irəliləyir və yeni zirvələr fəth edir. O da vurğulanıb ki, uzun illər həm iqtisadi, siyasi, hərbi, həm də diplomatik sahədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qazanılan bütün nailiyyətlərin təməlində isə Ulu Öndər Heydər Əliyevin zəngin irsi və ideyaları dayanır.
Tədbirdə Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev “Adı böyük hərflərlə yazılan Öndər”, Azərbaycan dili kafedrasının dosenti Gülarə Məlikova “Gənc nəslin dil tərbiyəsində Heydər Əliyev amili”, Azərbaycan dili kafedrasının dosenti Aytən Əhmədova “Ana dilinin böyük hamisi: Heydər Əliyev fenomeni”, Fransız dili kafedrasının baş müəllimi Günel Hüseynova “Heydər Əliyevin Azərbaycanda təhsil siyasəti və onun inkişaf töhfələri”, Leksika və ölkəşünaslıq kafedrasının müəllimi Aysel Mehdiyeva “Heydər Əliyevin dövlətçilik və milli kimlik konsepsiyası” adlı məruzələrlə çıxış ediblər.
Sonda II kurs tələbəsi Günay Sadıqova “Heydər Əliyev” şeirini, eləcə də I kurs tələbəsi Aylin Bayramova “Azərbaycan” mahnısını səsləndiriblər.






