BEYNƏLXALQ GƏNCLƏR İTTİFAQININ KONFRANSI

14 fevral 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının iclas zalında  “Böyük İpək Yolu” adlı konfrans keçirilmişdir. Konfransda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədr müavini Heydər Atayev, İttifaqın baş katibi Aytən Əliyeva, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, YAP Gənclər Birliyinin sədri Cavid Bağırov, universitetin müəllim və tələbə heyəti iştirak etmişdir.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov müasir dövrdə  “Böyük İpək Yolu” üzərində yerləşən ölkələr arasında dialoqun yaradılması, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və bu sahədə xüsusən gənclər arasında anlaşmaya diqqət yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə bir problemin həllində “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının  rolu danılmazdır.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının  sədr müavini Heydər Atayev ittifaqın fəaliyyətindən bəhs edərək ilk növbədə sahibkarlığın inkişafına yardım etməyin, görülən işləri dəstəkləməyin, iqtisadi-sosial inkişafın təmin edilməsi sahəsində əldə edilmiş nailiyyətləri təbliğ etməyin, müvafiq istiqamətdə beynəlxalq təcrübəni öyrənməyin  əsas məqsədlərdən olduğunu bildirmişdir. Nəzərdə tutulmuş vəzifələri reallaşdırmaq üçün Birlik müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirir, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir, aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq yaradır.

İttifaqın baş katibi Aytən Əliyeva “Gəncənin tarixi-Böyük İpək Yolu” , universitetin əməkdaşlarından dosent Hüseyn Bəxtiyarov “Böyük İpək Yolunun tarixi”, dosent əvəzi Etibar Musayev “Böyük İpək Yolunun yaranmasının tarixi səbəbləri” adlı məruzələrlə çıxış etmişlər.

Konfransın sonunda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmış, qonaqlar konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırmışlar.