BEYNƏLXALQ SÜLH GÜNÜ
21 sentyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas tədris binasındakı iclas zalında “21 sentyabr –Beynəlxalq Sülh günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, rektorun baş müşaviri dosent Asif Cavadov, fakültə dekanları, müəllimlər və tələbələr iştirak etmişlər.
Tədbiri Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva açaraq,“Müharibəyə “yox” deyək!” adlı məruzəsi ilə çıxış etmişdir. Bildirmişdir ki, “21 sentyabr Beynəlxalq Sülh günü”dür. BMT bu günü 1981-ci ildə təsis edib və həmin ilin sentyabr ayında da qeyd olunub. 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnaməyə əsasən 2002-ci ildə BMT tərəfindən Sülh günü üçün 21 sentyabr tarixi dəqiq tarix kimi müəyyənləşdirilmiş və bu tarix ümumdünya atəşkəs günü kimi də elan edilmişdir. Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı.
Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Sülh, insan hüquqları və milli mənəvi dəyərlər” , Ümumi tarix kafedrasının baş müəllimi Yeganə Məmmədova “Sülh olmasa cəmiyyət inkişaf edə bilməz” , həmin kafedranın baş müəllimi Etibar Musayev “Müharibə insanlığın faciəsidir” adlı məruzələrlə çıxış etmişlər.
Tədbirin sonunda rektorun baş müşaviri dosent Asif Cavadov və Filologiya fakültəsinin dekanı professor Mübariz Yusifov bu gün haqqında öz fikirlərini tədbir iştirakçıları ilə paylaşaraq bəşəriyyət üçün daim sülh arzulamışlar.