Beynəlxalq Ailə Gününə həsr edilmiş tədbir keçirilib
Gəncə Dövlət Universitetində Beynəlxalq Ailə Gününə həsr edilmiş tədbir keçirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq ailə dəyərləri və onun qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı danışıb. Bildirib ki, Azərbaycan Respublikasının dövlət siyasətinin istiqamətlərindən biri də ailə siyasətidir. Ölkəmizdə ailələrin qorunmasına diqqət yetirilir, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
GDU AHİK-in sədri Afaq Qasımova çıxış edərək bildirib ki, ailə dəyərləri xalqımız üçün müqəddəs hesab edilir. Ailənin qorunması, sağlam ailə formalaşdırılması üçün dövlət tərəfindən daim mühüm və uğurlu addımlar atılır.
Tədbirdə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova “Ailədə və cəmiyyətdə qadınların rolu”, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri Vəfa Məmmədova “Ailədə tərbiyənin rolu”, kafedranın dosenti Elfira Ağayeva “Sağlam ailə sağlam gələcəyin təminatıdır”, Botanika kafedrasının dosenti Zilxumar İsmayılova “İdeal ailə modeli necə olmalıdır”, İnsan resursları şöbəsinin müdiri Gülçöhrə Tağıyeva “Azərbaycanda ailə ənənələri” mövzularında çıxış ediblər.
Daha sonra ailə dəyərlərinə həsr olunan videoçarx nümayiş etdirilib.










