BİLİK GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
15 sentyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində professor-müəllim, yeni qəbul olunmuş tələbələr və çoxsaylı valideynlərin iştirakı ilə Bilik gününə həsr edilmiş mərasim keçirilmişdir. Dövlət himni səsləndikdən sonra rektor professor Yusif Yusibov çıxış edərək birinci kurs tələbələrini ali məktəbə qəbul olmaları münasibətilə təbrik edib, onlara can sağlığı və təhsildə uğurlar arzuladı. Qeyd etdi ki, Gəncə Dövlət Universiteti Respublikanın ali məktəbləri arasında xüsusilə seçilir. Təsadüfi deyil ki, bu il Universitetimizin bakalavr təhsil pilləsinə 1299 nəfər, magistraturaya isə 159 nəfər tələbə qəbul olunub. Bizim məzunlar Respublikanın digər ali məktəblərinin magistraturasına da uğurla imtahan vermişlər. Bu da səbəbsiz deyil. Gəncə Dövlət Universitetində artıq tələbələrin müasir səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Hal-hazılrda isə iki tədris binası əsaslı təmir olunub tələbələrin istifadəsinə verilmişdir. Səliqəli otaqlar ağıllı lövhələrlə, digər lazımi texniki vasitələrlə, istilik sistemi ilə təmin edilmişdir.
Tələbələrimizlə savadlı, pedaqoji təcrübəyə və ustalığa malik professor-müəllim heyəti məşğul olur. Tələbələr yaxşı oxumaqla bərabər, onların fəaliyyəti Tələbə Elmi Cəmiyyətinin xəttilə elmi-tədqiqat işlərinə yönəldilir, nümunəviləri xarici ölkə universitetlərində müəyyən müddət ərzində təhsillərini davam etdirirlər. Bu sahədə nailiyyətlərimiz çoxdur. Universitetin Fransa, İtaliya, Polşa və digər ölkələrin ali məktəbləri ilə əlaqələri var və bu elmi əməkdaşlıq daha da genişləndirilir. Təkcə qardaş Türkiyənin 20-dən çox universiteti ilə müqavilələr imzalanıb.
Universitetimizin Avropa İttifaqının təklif etdiyi “Erasmus+” və “Horizon-2020” proqramlarına aktiv şəkildə qoşulmasından sonra tələbə və müəllimlərimizin hər iki proqramın təklif etdiyi imkanlardan maksimum faydalanmaları üçün müvafiq tədbirlər həyata keçirilir. Artıq universitet “ERASMUS+” proqramının rəsmi serverindən qeydiyyatdan keçərək PİC (unikod) əldə edib.
Universitetdə tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri, sağlamlıqlarını qorumaları üçün də lazımi şərait yaradılmışdır. İdman zalı, mini futbol və voleybol meydançaları tələbələrin istifadəsinə verilmişdir. Tələbələrimiz də bu sahədə fəallıq göstərir, Respublika yarışlarında, olimpiadalarda Universitetimizin şərəfini layiqincə qoruyurlar.
Görülən də, görəcəyimiz işlər də çoxdur. Universitetimiz günü-gündən uğurla irəliləyir. Bu uğurları bir yerdə, məhz sizinlə birgə davam etdirəcəyik.
Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyev, rektorun baş müşaviri dosent Asif Cavadov öz çıxışlarında Universitetitin nəinki respublikada, ümumiyyətlə regionda fəaliyyət göstərən universitetlər arasında təhsil və tədrisin keyfiyyəti, tələbələr üçün yaradılan şəraiti ilə seçildiyini, Beynəlxalq əlaqələrin günü-gündən genişləndiyini, xarici ölkə universitetləri ilə tələbə, müəllim mübadiləsinin uğurla davam etdiyini xüsusilə vurğuladılar. Bildirdilər ki, müasir təchizatlı işıqlı auiditoriyalar, hətta elmi-tədqiqat işləri aparmağa imkan verən laboratoriyalar, zəngin kitabxana tələbələrin istifadəsindədir. Onların biliyi isə obyektiv qiymətləndirilir. Çünki imtahanlar kömpyüterdə test üsulu ilə aparılır. Tələbələrin isə onlar üçün yaradılmış şəraitdən faydalanacaqlarına, xalqımıza gərəkli peşəkar pedaqoji mütəxəssislər kimi yetişəcəklərinə əmin olduqlarını bildirdilər.
Yüksk bal toplamış tələbələrdən Züleyxa Həsənova, Nərminə Əlizadə, Aygün Cabbarova, Leyla Həsənova, Zəhra Əliyeva çıxış edərək Gəncə Dövlət Universitetində təhsil almaq üçün düzgün seçim etdiklərini, universitetin şərəfini hər sahədə qoruyacaqlarını bildirdilər.
Mərasimin sonunda bu il birinci kursa yüksk balla qəbul olan gənclərin bir qrupuna tələbə biletləri və hədiyyələr təqdim olundu.