BU GÜN GÖRKƏMLİ OFTALMOLOQ ALİM, AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN DOĞUM GÜNÜDÜR

Mənalı ömür yaşamaq hər insana qismət olmur. Lakin elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq salmaqla xalqa tükənməz bir xəzinə bəxş edir. Belə insanlardan biri də görkəmli oftalmoloq alim, Akademik Zərifə Əziz qızı Əliyevadır.

            Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyeva 1923-cü il aprel ayının 28-də Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir. Sonra Moskva şəhərində Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisasartırma kursu keçmişdir. 1950-ci ildə Zərifə xanım aspiranturaya daxil olmuş və 1953-cü ildə oranı bitirmişdir.

            1957-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1960-cı ildən 1967-ci ilədək böyük elmi işçi, 1967-ci ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professoru, görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.

            İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanım Əliyevanın dünyada ən məşhur oftalmologiya mərkəzlərinin birində – Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. 1977-ci ildə Zərifə xanım Əliyeva tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.

            Qeyd edək ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri olduqca böyükdür. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayesində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitlərinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

            Görkəmli alim yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı göstərmişdir.

            Ümumdünya Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmologiya” jurnalı redaksiya heyətinin üzvü olan Zərifə Əliyeva 1981-ci ildə oftalmologiyanın inkişafında verdiyi böyük töhfəyə-görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə ən yüksək mükafata-SSRİ Tibb Elmləri Akademiyasının M.İ. Averbax adına mükafatına layiq görülmüşdür. Onu da diqqətə çatdıraq ki, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın olmuşdur.

            Onun apardığı elmi tədqiqatların yüksək səviyyəsi, sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilmiş, 1983-cü ildə Zərifə Əziz qızı Əliyeva Azərbaycan SSR Elmlər Akamemiyasının akademiki seçilmişdir. Bundan başqa görkəmli alim, fəal ictimai xadim Zərifə Əliyeva xidmətlərinə görə bir sıra orden və medallarla da təltif olunmuş, Azərbaycanın Əməkdar Elm Xadimi kimi yüksək fəxri ada layiq görülmüşdür.

            Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salanda, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlirik. Onun fitri istedada malik novator alim, saf və nadir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşına örnək, əsl müdriklik məktəbidir.

            Alimin gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqi, klinik diaqnostika istiqamətlərində apardığı tədqiqatlar bu sahədə böyük addım kimi dəyərləndirilir. Bu tədqiqatların nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir. Bu əsərlər arasında “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “ Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin  adaptasiya və müdafiə funksiyası” və sair xüsusi qeyd edilmişdir. Alim göz yaşı xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur.

            Görkəmli alim elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi əhəmiyyət vermişdir.

            Zərifə xanım Əliyeva, eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə işıq verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bu məqam diqqəti xüsusilə cəlb edir. O, malyariya və traxomya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir.

            Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar içərisində ən şərəflisi Ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi idi. O, nə edirdisə böyük sevgi ilə edirdi.

            Zərifə Əliyeva nə edirdisə Azərbaycana məhəbbətdən irəli gəlirdi. Məhz buna görə də bu sevgi bu gün də onu qəlblərdə yaşadır və bundan sonra da yaşadacaq.