“Code Academy” şirkətinin baş direktoru Gəncə Dövlət Universitetində olub

Yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan “Code Academy” şirkətinin baş direktoru  Ülvi Aslanov Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovla görüşüb. 

     Qonaqları salamlayan rektor universitetin fəaliyyəti, mərkəzləri və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

      “Code Academy” şirkətinin və universitetin İnnovasiyalar Departamentinin əməkdaşlarının iştirak etdiyi  görüşdə tələbələrin informasiya texnologiyaları sahəsində nəzəri biliklərini yüksəltməyə dair Təhsil Nazirliyi və “Code Academy” şirkətinin əməkdaşlığı ilə hazırlanan layihə haqqında fikir mübadiləsi aparılıb. Bildirilib ki, universitetin III və IV kurs tələbələri “Code Academy” təhsil modelinə qoşulmaqla nəzəri biliklərlə yanaşı, təcrübə keçmək imkanı da əldə edəcəklər. Layihə çərçivəsində informasiya texnologiyaları və proqramlaşdırma sahələri üzrə təhsil alan tələbələr ödənişsiz olaraq proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu üzrə tədris almaq imkanı əldə edəcəklər. 

     Rektor Yusif Yusibov ali təhsil müəssisələri üçün yaradılan yeni modeli dəstəklədiyini və yaxın zamanlarda universitetdə bu layihənin həyata keçməsi üçün mühüm addımların atılacağını vurğulayıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti