DIRNA layihəsi çərçivəsində növbəti onlayn seminar təşkil edilib
26 yanvar 2026-cı il tarixində DIRNA layihəsi çərçivəsində tərəfdaş universitetlərin iştirakı ilə növbəti onlayn seminar təşkil edilib. Seminara Xəzər Universitetinin Kitabxana və İnformasiya Mərkəzinin direktoru Aytac Misgərli moderatorluq edib.
Tədbir layihənin 4-cü iş paketinə uyğun olaraq D4.5 tapşırığı – “Tədqiqat Fəaliyyətləri üzrə Daimi Seminarlar” çərçivəsində keçirilib. “İnformasiya sistemlərinə etibar və məlumatların səmərəli istifadəsi” mövzusunda seminarın çıxışçıları Finlandiyanın Yuväskylä Universitetinin nümayəndələri Dr. Saana Mehtälä və Dr. Kati Clements olub.
Seminar zamanı təlimçi informasiya sistemləri, rəqəmsal əlçatanlıq və sistem xüsusiyyətləri haqqında ətraflı məlumat verib. O, informasiya sistemlərinin üç əsas xüsusiyyətini vurğulayıb: davamlılıq, dəyişiklik və dinamik əlaqələr.
Daha sonra informasiya sistemlərində məlumatların idarə olunması mövzusuna toxunulub. Məlumatların necə saxlanıldığı, hansı müddətə saxlanıldığı və məlumatların xüsusiyyətlərinə uyğun olaraq kimə giriş verildiyi aydın və şəffaf şəkildə müəyyən edilməli olduğu bildirilib. Seminar çərçivəsində məlumatların şəffaflığı və etibar anlayışları da müzakirə edilib. Qeyd edildi ki, bu anlayışlar informasiya sistemlərindən məsuliyyətli və etik istifadənin təmin edilməsində mühüm rol oynayır.


