«DIRNA» LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ YERLİ TƏLİM TƏŞKİL OLUNUB

Xəzər Universitetinin koordinatoruluğu və Gəncə Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA) adlı Avropa Komissiyası Erasmus+ layihəsi çərçivəsində Finlandiya təhsil turundan sonra yerli təlim təşkil edilib.

Görüşdə açılış sözü ilə Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov edib və təlim zamanı iştirakçılara layihə haqqında qısa məlumat verilib. Qeyd edilib ki, layihə açıq girişi olan institusional repozitorlar şəbəkəsinin yaratmaq və 8 aparıcı Azərbaycan universitetində tədqiqat nəticələrinin idarə edilməsi kontekstində potensialın artırılması məqsədi daşıyır. Layihəyə 8 Azərbaycan və 3 Avropa ali təhsil müəssisəsi daxildir. Azərbaycan ali təhsil müəssisələrindən tərəfdaşlar aşağıdakılardır: Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Texniki Universitet, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti.

Təlim zamanı 2023-cü il aprelin 22-24 tarixlərində Finlandiyanın Jyvaskyula Universitetinə səfər zamanı əldə edilmiş bilik və təcrübə iştirakçılar ilə paylaşılıb. Təqdimatları layihə qrupunun rəhbəri Gəncə Dövlət   Universitetinin İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov və İnnovasiya texnologiyalarının transferi və marketingi şöbəsinin müdiri Razim Əliyev təqdim edib.

Qeyd edək ki, layihə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəlliflərə aiddir, Aİ-nin və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir, Aİ və EACEA onlara görə məsuliyyət daşımır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti