Fakültələrarası intellektual yarışın qalib komandası müəyyənləşib

Gəncə Dövlət Universitetinin 80 illik yubileyinə həsr olunan fakültələrarası intellektual yarış keçirilib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına dəstək məqsədi ilə keçirilən yarış universitetin İnnovasiyalar departamenti tərəfindən təşkil edilib.

İnformasiya texnologiyalarının geniş tətbiqi ilə keçirilən yarış tələbələr tərəfindən maraqla qarşılanıb.

Müsabiqənin şəffaf və normalara uyğun formada keçirilməsi üçün əvvəlcədən ekspert qrupu yaradılıb.

İntellektual bilik yarışında hər fakültə üzrə bir komanda iştirak edib. Hər bir komadanın tərkibi bakalavriat pilləsində təhsil alan üç tələbədən formalaşdırılıb. Müsabiqə günü bir-biri ilə qarşılaşacaq komandalar bir həftə əvvəldən dekan müavinlərinin iştirakı ilə püşkatma yolu ilə müəyyən edilib. Yarış günü birinci mərhələdə dörd görüş keçirilib. Qalib gələn dörd komanda arasında yenidən iki görüş t’.kil edilib. Sonra hər iki görüşün qalibi olmuş komandalar final oyununda birincilik uğrunda mübarizəyə qoşulublar.

Açıq mübarizə şəraitində keçən yarışın nəticələrinə görə Filologiya fakültəsinin eyniadlı komandası bütün rəqiblərini geridə qoyaraq intellektual oyunun qalibi olub.

Sonda qalib komandanın üzvləri rektorun müvafiq Fəxri Fərmanı ilə təltif edilib. Həmçinin qaliblərə yarışın sponsorları tərəfindən hədiyyələr təqdim olunub.