FİLOLOGİYA FAKÜLTƏSİNİN BURAXILIŞ KURS TƏLƏBƏLƏRİ İSTEHSALAT TƏCRÜBƏSİNDƏ

Rektorluğun  22.12.2021-ci il tarixli 4/150 saylı əmrinə əsasən Filologiya fakültəsinin Filologiya ixtisasının  IV kurs tələbələri Gəncə şəhər və ətraf rayonlarda ixtisas üzrə fəaliyyət göstərən təşkilatlar, kitabxanalar, muzeylərdə istehsalat təcrübəsində iştirak edirlər. 29.04.2022-ci il tarixdə Filologiya ixtisasının buraxılış kurs  tələbələri Mir Cəlal Paşayevin ev muzeyində təcrübədə olmuşdular. Təcrübə zamanı Mir Cəlal Paşayevin ev muzeyinin direktoru İradə İbayeva, Filologiya fakültəsinin dekanı dosent Zakir Ələsgərov, Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, təcrübə rəhbəri dosent Gülarə Məlikova və təcrübəçi tələbələr iştirak edirdilər.

Muzeyin direktoru İradə xanım İbayeva qeyd etdi ki, Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycan (Ərdəbil ostani) Xalxal şəhərinin 2 km Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918-1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darül müəlliminə daxil olmuşdur (1924-1928). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926-1927). 1928-ci ildə Gəncə Darül müəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir. 1928-ci ildən ədəbi fəaliyyətə başlamışdır. “Kommunist” qəzetində şöbə müdiri, “Gənc işçi” qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyası Nizami ad. Ədəbiyyat İnstitutunda elmi işçi olmuşdur (1932-1935). Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyət göstərmişdir. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur (1961-ci ildən).

Təcrübəçi tələbələr muzeydə görülən işlərlə yaxından tanış oldular. Təcrübə proqramı əsasında həyata keçiriləcək işlərə dair qeydiyyatlar apardılar. Tədbirin sonunda təcrübəçi tələbələr muzeyin əməkdaşları ilə xatirə şəkilləri çəkdirdilər