FORUM ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ TƏDBİR

27 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində Əlilliyi olan tələbələr üçün mərkəz və Gənclər üçün təhsil mərkəzinin birgə təşəbbüsü ilə “İnklüziv təhsilin müasir strukturu və onun əsas inkişaf yollarına dair” Əlil tələbələrin I forumu çərçivəsində “31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü” münasibəti ilə “Biz birik, bərabərik, həmrəyik” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru  dosent Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, Əlilliyi olan tələbələr üçün mərkəzin direktoru Farizə İsmayılzadə, Gənclər üçün təhsil mərkəzi Gəncə ofisinin nümayəndəsi Rəhman Mehdiyev, Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının Gəncə nümayəndəsi Elmira İsmayılova və  Əlilliyi olan tələbələr üçün mərkəzin işçi qrupu iştirak etmişlər.

Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə tədbiri açaraq Əlilliyi olan tələbələr üçün mərkəzin yaradılmasından sonra görülən işlərdən və təşkil olunan tədbirlərdən ətraflı bəhs edərək, 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik gününün dünya azərbaycanlıları üçün vacib bir gün olmasını xüsusi olaraq qeyd etdi və bu bayram  münasibəti ilə tədbir iştirakçılarını ürəkdən təbrik etdi.

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi yolunda gördüyü işlərdən tədbir iştirakçılarına əftarlı məlumat verməklə yanaşı, bu günün Azərbaycan xalqının birliyi və bərabərliyinin təntənəsi olduğunu xüsusilə vurğuladı.

Əlilliyi olan tələbələr üçün mərkəzin direktoru Farizə İsmayılzadə “Bizi birliyə aparan yol” mövzundakı çıxışında 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü tarixindən ətraflı bəhs edərək, bu günün dünyada gedən ictimai-siyasi proseslər nəticəsində müxtəlif xarici dövlətlərə səpələnən soydaşlarımız ilə əlaqələr qurmaq, onlar arasında birlik, həmrəylik yaratmaq üçün vacib bir gün olmasını nəzərə çatdırdı.

Gənclər üçün təhsil mərkəzi Gəncə ofisinin nümayəndəsi Rəhman Mehdiyev və Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının Gəncə nümayəndəsi Elmira İsmayılova  31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi gününün xalqımız üçün zərurətə və mənəvi ehtiyaca çevrildiyini bildirməklə yanaşı,  tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər.

Sonda  Əlilliyi olan tələbələr üçün mərkəz tərəfindən “İnklüziv təhsilin müasir strukturu və onun əsas inkişaf yollarına dair” mövzusunda Əlil tələbələrin I forumunun keçirilməsində  xüsusi fəallıq göstərən,  Gəncə Dövlət Universitetində təhsil alan əlil tələbələrə bayram hədiyyələri təqdim olundu.

Tədbir İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbəsi Seyidli Qurbanın gitarada ifa etdiyi vətənpərvərlik mövzusuna həsr edilmiş  mahnı ilə yekunlaşdı.