Gəncə Dövlət Universitetində 22 iyul-Milli Mətbuat günü qeyd edilmişdir

                                         

Gəncə Dövlət Universitetində 22 iyul Milli Mətbuat gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan övladlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva yığıncağı açaraq mətbuat işçilərini təbrik etmiş və «Azərbaycan Milli Mətbuatının tarixi və bu günü» mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycan mətbuatının inkişaf yollarından, Ulu Öndər Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin Azərbaycan mətbuatının inkişafına, eləcə də jurnalistlərə göstərdikləri qayğıdan, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 145 illiyinin keçirilməsi ilə bağlı imzaladığı  sərəncamın əhəmiyyətindən danışmışdır.

Sonra GDU-nun «Yüksəliş» qəzetinin baş redaktoru, əməkdar jurnalist Qərib Mehdi «Gəncə Dövlət Universitetinin çoxtirajlı «Yüksəliş» qəzetinin fəaliyyəti mövzusunda məruzə ilə çıxış edərək 1968-ci ildən fəaliyyət göstərən «Yüksəliş» qəzetinin keçdiyi şanlı yoldan söhbət açmış, universitetdə mətbuat sahəsində çalışanların yüksək peşəkarlıq səviyyəsini xüsusi qeyd etmiş və bildirmişdir ki, burada iki yüksək fəxri ad sahibi – Əməkdar jurnalistlər Qərib Mehdi və Sabir Əliyev; jurnalistika peşəsində sənətkarlıq nümayiş etdirən müxbirlər Firəngiz İdrisqızı və Ümbülbanu Hacıyeva və öz işinin ustası olan  Coşqun Əliyev çalışır.

Tədbirdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Əhmədova «Milli mətbuatımızın bünövrəsi-«Əkinçi», «Yüksəliş» qəzetinin müxbiri Firəngiz İsmayılova «Yüksəliş» qəzetinin gənc ədəbi qüvvələrin yetişməsində rolu» mövzularında çıxışlar etmişlər.

«Yüksəliş» qəzetinin oxucuları adından botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzov, universitet Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, ümumi kimya kafedrasının müdiri, dosent Aynur Məmmədova, tədris şöbəsinin inspektoru Lamiyə Süleymanova və başqaları çıxış edərək universitetin Mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik etmişlər.

Sonda Gülsüm Fətəliyeva mətbuat işçilərini bir daha təbrik edərək onlara universitet rektorluğunun mükafatlarını təqdim etmişdir.

Mətbuat və İctimaiyyətlə Əlaqələr Xidməti