Gəncə Dövlət Universitetində 27 Sentyabr–Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

     27 Sentyabr Anım günü ilə əlaqədar Gəncə Dövlət Universitetinin Riyaziyyat-İnformatika fakültəsinin  Fizika və Texniki Fənlər fakültəsilə birgə təşkilatçılığı ilə tədbir keçirilib.

     Öncə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   44  günlük Vətən Müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

   Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxışında bildirib ki, üç  il öncə sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz rəşadətlə döyüşərək böyük tarixi nailiyyətlə imza atdı.  Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində Vətən müharibəsi zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı.

    Fizika və Texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev və Riyaziyyat-İnformatika fakültəsinin dekanı  Oruc Hüseynov mövzu ətrafında çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlardan və hazırda işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən abadlıq və quruculuq işlərindən danışıblar.

   Tədbirin davamında tələbələrin ifasında vətənpərliyə aid şeirlər və mahnılar səsləndirlib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti