Gəncə Dövlət Universitetində 9 noyabr Bayraq Gününə həsr olunmuş tədbir keçirildi
Noyabrın 7-də Gəncə Dövlət Universitetində 9 Noyabr Bayraq Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Asif Cavadov açaraq rektor, professor Yusif Yusibovun adından professor-müəllim, tələbə heyətini salamlayaraq bu əlamətdar gün münasibətilə təbrik etdi. Sonra dövlət himni səsləndirildi.
Prorektor Asif Cavadov çıxışında uzun illər bundan öncə Şərqdə ilk dəfə olaraq qurulmuş Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı olan üçrəngli bayrağın bu gün eyni zamanda azad, müsitəqil Azərbaycan Respublikasının bayrağı olduğunu dedi. Özündə türkçülüyü, islamçılığı, müasirliyi əks etdirən və üzərində səkkizguşəli ulduz və ay şəkli həkk olunmuş üçrəngli bayrağımızın sovetlər birliyi dağılandan sonra yenidən Azərbaycan səmasında dalğalandığını qeyd edən Asif müəllim dedi:
– Əzəmətli bayrağımız dalğalandıqca biz də qürurlanır və fəxr edirik ki, öz milli bayrağımız, azad, müstəqil dövlətimiz var.
Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov, Universitet AHİK-in sədri Afaq Qasımova çıxış edərək indi Azərbaycan dövlətinin müqəddəs, üçrəngli bayrağının dünyanın hər yerində tanındığını, dövlətimizin gerbinin, himninin bütün ölkələrdə hörmətlə qarşılandığını dedilər. Qeyd olundu ki, 2009-cu ildən ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən 9 Noyabr Bayraq Günü hər il ölkəmizdə təntənə ilə qarşılanır.
Tədbirdə Bayraq gününə həsr olunmuş videoçarx nümayiş etdirildi. Sonra tələbələrdən Kamilli Nuranə, Əhmədzadə Hekayət və Əmirzadə Vüsalə zaman-zaman vətən torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın qanı ilə suvarılmış müqəddəs bayrağımızın Qarabağda dalğalanacağı gününün arzusunda olduğunu bildirdilər və Bayraq gününə həsr etdikləri şeirlərini oxudular.