Gəncə Dövlət Universitetində Akkreditasiya tövsiyələrinin icrasına həsr olunmuş növbəti iclas keçirilib

20 iyun 2025-ci il tarixdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təşkil olunan Akkreditasiya Komissiyasının Yekun Hesabatına əsasən verilən tövsiyələrin yerinə yetirilməsi məqsədilə Gəncə Dövlət Universitetində növbəti iclas keçirilib.

Rektor Yusif Yusibov ali təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə keçirilən akkreditasiya prosesinin əhəmiyyətindən danışıb, bu prosesin universitetin fəaliyyətinin daha da təkmilləşdirilməsi və gələcəkdəki hüquqi təminatların möhkəmləndirilməsi üçün vacib olduğunu bildirib.

GDU daxilindəki Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının və İdarəetmə strukturlarının fəaliyyətinin monitorinqi, qiymətləndirilməsi və optimallaşdırılması Komissiyasının fəaliyyət planına uyğun olaraq görülmüş işlər təqdim olunub və əldə olunan nəticələr müzakirə edilib.

İclasda kafedralarda elmi-tədqiqat və tədris fəaliyyətinin təhlili, tədris planlarının tərtib olunmasına nəzarət, fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiqi və bu sahədə nəzarətin gücləndirilməsi, auditoriya və auditoriyadankənar dərs yükünün hesablanması, kadrların effektiv idarə olunması üçün bir sıra akademik, inzibati strukturların fəaliyyətində paralelliyin aradan qaldırılması, inzibati və tədris-köməkçi heyətin sayının optimallaşdırılması və ixtisas uyğunluğunun təmin oluması istiqamətində zəruri tədbirlərin görülməsinə dair işçi qrupların hesabatları dinlənilib.      

Daha sonra monitorinq qrupların fəaliyyəti üzrə hesabatlar dinlənilib. Daxili əvəzçilik və dərs yükünün optimallaşdırılması, təhsil proqramlarının sistematik yoxlanılması və  tədris infrastrukturunun monitorinqinin təşkili üzrə görülən işlər barədə məlumatlar dinlənilib və müzakirələr aparılıb.

Aşkar olunan nöqsanlar ətraflı təhlil olunub və onların aradan qaldırılması məqsədilə təkliflər verilib.

Rektor Yusif Yusibov universitetin üzərinə düşən tələb və öhdəliklərin yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

İclasda Komissiyaların üzvləri tərəfindən irəli sürülən təkliflər nəzərdən keçirilib, qarşıdakı dövr üçün prioritet istiqamətlər və icra tədbirləri müəyyən edilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti