Gəncə Dövlət Universitetində Akkreditasiya tövsiyələrinin icrasına həsr olunmuş növbəti iclas keçirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təşkil olunan Akkreditasiya Komissiyasının Yekun Hesabatına əsasən verilən tövsiyələrin yerinə yetirilməsi məqsədilə Gəncə Dövlət Universitetində 30 aprel 2025-ci il tarixdə növbəti iclas keçirilib. İclasda universitetin rektoru Yusif Yusibov, Operativ işçi qrupunun üzvləri, işçi və monitorinq qruplarının rəhbərləri iştirak ediblər.

İclasın açılışında rektor Yusif Yusibov ali təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə keçirilən akkreditasiya prosesinin əhəmiyyətindən danışıb, bu prosesin universitetin fəaliyyətinin daha da təkmilləşdirilməsi və gələcəkdəki hüquqi təminatların möhkəmləndirilməsi üçün vacib olduğunu vurğulayıb, qarşıda duran məsələlər barədə geniş məlumat verib.

İnnovasiyalar Departamentinin direktoru, Operativ işçi qrupunun rəhbəri Vasif Həsənov və üzvləri GDU daxilindəki Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının səmərəli fəaliyyəti istiqamətində atılan addımlar barədə ətraflı məlumat verib. V.Həsənov verilən tövsiyələrin icrası ilə bağlı görülən işləri diqqətə çatdırıb.

İclasda müxtəlif işçi qrupların fəaliyyəti haqqında hesabatlar təqdim edilib. Kafedralarda elmi-tədqiqat və tədris fəaliyyətinin təhlili, tədris planlarının tərtib olunmasına nəzarət, fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiqi və bu sahədə nəzarətin gücləndirilməsi, magistratura səviyyəsi üzrə ixtisasların müəyyən edilməsi, auditoriya və auditoriyadankənar dərs yükünün hesablanması, beynəlmilələşmə fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi kimi işçi qruplarının qısa hesabatları dinlənilib və müzakirələr olub.

Monitorinq qruplarının fəaliyyəti üzrə Strateji İnkişaf Planında nəzərdə tutulan fəaliyyətlərin icrasına nəzarət, tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqi, tələbəyönümlü öyrənmə və tədris qiymətləndirmə üsullarının tətbiqi ilə bağlı hesabatlar dinlənilib. Həmçinin, təhsil proqramlarının sistematik yoxlanılması, daxili əvəzçilik və dərs yükünün optimallaşdırılması, tədris infrastrukturunun monitorinqinin təşkili üzrə görülən işlər barədə məlumatlar dinlənilib və müvafiq müzakirələr aparılıb.

İclasda aşkarlanan çatışmazlıqlar və nöqsanlar ətraflı təhlil olunub və onların aradan qaldırılması məqsədilə müvafiq təkliflər irəli sürülüb.

Sonda rektor Yusif Yusibov akkreditasiya prosesinin yekunlaşdırılması və universitetin üzərinə düşən tələb və öhdəliklərin yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. O, akkreditasiya prosesinin uğurla tamamlanması və keyfiyyətin artırılması üçün bütün işçi qruplarının səylərinin birləşdirilməsini tövsiyə edib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti