Gəncə Dövlət Universitetində “Bilik Günü” qeyd olunub

     Sentyabrın 15-də Gəncə Dövlət Universitetində (GDU) yeni tədris ilinin başlanması və “Bilik Günü” münasibəti ilə tədbir keçirilib.

     Öncə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov yeni tədris ilinin başlanması münasibəti ilə professor-müəllim heyətini və tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.

     Rektor Yusif Yusibov çıxışında Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edərək hazırda dövlət başçısı Cənab İlham Əliyevin təhsil sahəsinin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb və son illər ərzində universitetdə əldə olunan nailiyyətlər, ali təhsil ocağının yüksək nüfuzu, kadr hazırlığı, tələbələr üçün yaradılan yeni imkanlar haqqında söhbət açıb. Rektor onu da bildirib ki, tələbələrin yüksək ixtisaslı mütəxəssis olması, ən əsası dövlətimizə layiqli vətəndaş kimi yetişməsi üçün GDU-da bütün zəruri şərait mövcuddur.

   Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edərək gənclərin biliklərə yiyələnməsi üçün ölkəmizdə yaradılan əlverişli imkanlardan ətraflı danışıb. Tələbə adını qazanan gəncləri təbrik edən prorektor GDU-ya qəbul olanların əksəriyyətinin yüksək bal topladıqlarını qeyd edib.

    Tədbir pedaqoji heyət üzvlərinin, tələbə və valideynlərin çıxışları ilə davam edib.

    Tələbələr GDU-da ali təhsil alacaqları üçün sevinc və qürur hisslərini dilə gətiriblər.

    Qeyd edək ki, 2023/2024-cü tədris ilində universitet üzrə bakalavriat səviyyəsinə I turda 1693 nəfər, magistr səviyyəsinə 346 nəfər tələbə qəbul olub.

   Tədbirin sonunda rektor Yusif Yusibov GDU-ya yüksək balla qəbul olan bir qrup gəncə tələbə biletləri və hədiyyələr təqdim edib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti