”Azərbaycan müəllimi qəzetinin” 28 noyabr 2014-cü il tarixli saylnda (№46) Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədr müavini Mələk Novruzovanın imzası ilə ”Gəncə Dövlət Universitetində çoxsaylı layihələr həyata keçirilir” adlı məqalə dərc edilmişdir.

46-47

Ölkəmizdə gənclər siyasətinin əsas istiqamətlərini özündə əks etdirən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu”nda gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə, gənclər təşkilatlarına dövlət yardımı kimi məsələlər prioritet istiqamətlər kimi nəzərdə tutulur.

2005-ci ildən başlayaraq ölkənin 20 ali və orta ixtisas təhsili müəssisəsində yaradılmış tələbə gənclər təşkilatları gənclərin təşkilatlanmasında mühüm rol oynayır. Bu təşkilatların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir.

Tələbə gənclər təşkilatının yaradıldığı ali məktəblərdən biri də Gəncə Dövlət Universitetidir. Özünəməxsus fəaliyyət yolu olan təşkilatımıza iqtisadiyyat fakültəsinin II kurs tələbəsi Orxan Məmmədov rəhbərlik edir. Universitetimizin rektoru Yusif Yusibov təşkilata böyük  diqqət və qayğı göstərir. Əsas məqsəd tələbələri bir ideya ətrafında birləşdirmək, onların dünyagörüşünü artırmaq, dövlətimizin daxili və xarici siyasəti ilə tanış etmək olan təşkilatımız  bu məqsədləri reallaşdırmaq üçün müxtəlif məzmunlu tədbirlər, layihələr həyata keçirir.

Təşkilatımız debatlara xüsusi ilə üstünlük verir. Gəncləri gələcəkdə əhəmiyyətli müzakirələr aparma və problemlərin həlli üçün qərar qəbul etmə bacarıqlarına alışdırmaq müxtəlif növ debatların əsas məqsədidir.  Təşkilatın təşəbbüsü ilə universitetdə Debat Klubu öz məzmunlu fəaliyyəti ilə tələbələrin böyük marağına səbəb olmuşdur. Gəncə Dövlət Universitetində Gəncə Regional Debat Mərkəzi, Tələbə Gənclər Təşkilatı və universitetin Debat Klubunun birgə təşkilatçılığı ilə yeni mövsümün açılışı, həmçinin təcrübəli debatçıların iştirakı ilə “şou debat” oynanılması əlamətdar hadisəyə çevrilmişdir.

Dövlətin gənclərlə bağlı siyasətinin əsas istiqamətlərindən biri də onların sağlamlığıdır. Tələbə gənclər təşkilatı bu sahədə də uğurlu işlər görmüşdür. Həm tələbələrin idman yarışlarına cəlb olunmaları, həm də mütəxəssislər dəvət etməklə müxtəlif müzakirələrin keçirilməsi öz bəhrəsini verməkdədir. Bütün bunlar tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri ilə yanaşı, onların sağlamlığa ziyan gətirən vərdişlərdən əl çəkmələrinə imkan yaradır. Bu baxımdan  mütəxəssislərin dəvət olunması ilə “Depressiya”, “Düşüncə gücü və pozitiv psixologiya”, “Sağlam gələcək, sağlam gənclik ilə gələcək!” mövzularında keçirilən  seminarlar xüsusilə maraqlıdır. Tələbə gənclər təşkilatının təşkilatçılığı ilə”Sağlam gələcək, sağlam gənclik ilə gələcək! ” layihəsi çərçivəsində baş tutan seminarda siqaret, zərərli vərdişlər, narkomaniya, “ağ ölüm” kimi mövzular ətrafında müzakirələr aparılmışdır. Layihə müddətində QİÇS ilə mübarizə mərkəzinin universitetdə gənclər arasında test – müayinə, 1 dekabr QİÇS-lə mübarizə gününə həsr olunmuş layihənin bağlanış konfransının keçirilməsi nəzərdə tutulmuşdur.Təşkil olunmuş “SOS həyəcanı” təlimi və aksiyası da məhz bu məqsədə -tələbələrə QİÇS, vərəm, hepatit, şəkərli diabet və alkoqolizm kimi xəstəliklər haqqında məlumat verməyə və gənclərə sağlam həyat tərzi aşılamağa xidmət edir. Layihənin yekununadək 2 seminar, sosial çarxın çəkilişi, fləşmob və Beynəlxalq QİÇS-lə mübarizə gününə həsr olunmuş konfransın keçirilməsi nəzərdə tutulub.

Tələbə gənclər təşkilatının  layihələrində ayrı-ayrı fakültələrin tələbələri iştirak etdiyindən layihələr öz rəngarəngliyi ilə seçilir. Məsələn, “Mavi planet və Yer kürəsi” seminarı biologiya-kimya fakültəsinin təşəbbüsü ilə “Təbiət elmləri” İctimai Birliyi və tələbə gənclər təşkilatının birgə təşkilatçılığı ilə keçirilib. Seminarda Yer kürəsinin yaranması və inkişafı tarixindən söhbət aparılıb, Yer kürəsindəki ekosistem haqqında tələbələrə geniş məlumat verilib.

“İKT-nin gənclərin həyatında rolu” adlı seminar iqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Dərya Həkimzadə tərəfindən keçirilib.

“Biz və onlar” adlı layihə də maraqlı layihələrdəndir. Bu layihənin reallaşmasında xeyli tələbə böyük həvəslə iştirak edir. “Biz və onlar” xeyriyyəçilik  layihəsidir. Universitet tələbə gənclər təşkilatının  və biologiya-kimya fakültəsinin tələbə gənclər təşkilatının  fəalları tərəfindən icra ediləcək bu  layihənin həyata keçirilməsində məqsəd uşaq evinə yardım etmək, gənclərin  xeyriyyəçilik aksiyasında fəallıqlarını artırmaqdır.

Ümumiyyətlə, universitet tələbə gənclər təşkilatı müntəzəm olaraq qəbul edilmiş layihələrin nəzərdə tutulan vaxtlarda həyata keçirilməsi ilə yanaşı, müxtəlif məzmunlu və məqsədli yeni-yeni layihələr üzərində işləyir, seminarların, təlimlərin keçirilməsinə səy göstərir.  

Mələk NOVRUZOVA,
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədr müavi