Gəncə Dövlət Universitetində Elmi Şuranın yeni tədris ilində ilk iclası keçirilib
Gəncə Dövlət Universitetində 2023/2024 tədris ilində Elmi Şuranın ilk iclası keçirilib.
İclasda öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi Şurada 6 may 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Respublika bədii yaradıcılıq müsabiqə festifalında Gəncə Dövlət Universitetinin tələbələrinin fəal iştirakına görə Elm və Təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanmış Diplomlar “Musiqi fənləri” kafedrasının müdiri Sevda Qurbanəliyevaya təqdim edilib.
Daha sonra rektor Yusif Yusibov Ümumi pedaqogika kafedrasının baş müəllimi Göyçək Pirverdiyevaya “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə, Azərbaycan dili kafedrasının müəllimi Samirə Quliyevayaya “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası” ixtisası üzrə, Ümumi riyaziyyat kafedrasının baş müəllimi Kəmalə Qaybalıyevayaya “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası” ixtisası üzrə pedaqogika üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş fəlsəfə doktoru diplomlarını təqdim edib, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə rektor Yusif Yusibov professor-müəllim heyətini təbrik edib. Ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından və təhsil işçilərinin qazandıqları uğurlardan bəhs edib.
Sonra ali təhsil ocağının ictimai həyatında yüksək fəallıq göstərdiklərinə və təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə universitet rektorunun imzaladığı Fəxri Fərman və Təşəkkürnamə təqdim edilib.
5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə universitet rektorluğunun və GDU AHİK-nin təşkilatçılığı ilə 60-dan çox qabaqcıl müəllim pul mükafatı ilə təltif olunub.
Rektor Yusif Yusibov şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.
Elmi şurada birinci məsələ -2022/2023-cü tədris ilinin yaz imtahan sessiyasının yekunu və 2023/2024-cü tədris ilində qarşıda duran vəzifələr barədə Tədris məsələləri üzrə prorektor Şahin Xurşudovun, ikinci məsələ – Universitetin maddi-texniki bazasının genişləndirilməsi və aparılmış təmir işləri haqqında İnzibatı təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun, gündəlikdə duran növbəti məsələ- Akkreditasiya Komissiyasının tövsiyyələri ilə əlaqədar hazırlamış fəaliyyət istiqamətlərinə uyğun yerinə yetirilmiş işlərin hesabatına dair universitetin İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənovun məruzəsi dinlənilib.
Gündəlikdə duran məsələlər müzakirə olunaraq şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Rektor Yusif Yusibov tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə dair vacib olan məsələlərlə bağlı tapşırıqlar verib.
Sonda Elmi Şura “5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə Gəncə Dövlət Universitetinin hər bir əməkdaşına aylıq əmək haqqının 10 %-i miqdarında pul mükafatı verilməsi barədə qərar qəbul edib.
Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti