Gəncə Dövlət Universitetində Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunmuş elmi-bədii konfrans keçirilib

Gəncə Dövlət Universitetinin tarix və coğrafiya fakültəsində görkəmli siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunmuş ” Fətəli xan Xoyski irsinin tarixi əhəmiyyəti” adlı elmi-bədii konfrans keçirilib. Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

    Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə bu il Fətəli xan Xoyskinin anadan olmasının 150 illiyi qeyd edilir və bununla bağlı müxtəlif tədbirlər keçirilir. Prorektor bildirib ki,  Fətəli xan Xoyski 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə bir sıra yüksək vəzifələr tutmuş, o cümlədən Azərbaycan hökumətinə, həmçinin  Xarici işlər, Daxili işlər və Ədliyyə nazirliklərinə rəhbərlik etmişdir.  Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön sıralarında olmuş Fətəli xan Xoyskinin müstəqil dövlətimizin qurulmasında böyük xidmətləri olub və o həmçinin tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biridir.  

   Konfransda Tarix və Coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyeva, Ümumi tarix kafedrasının müəllimləri Nərgiz Rəsulova və Hüseyn Bəxtiyarlı,  Coğrafiya  kafedrasının müəllimi Arifə Əhmədli eləcə də Tarix və Coğrafiya müəllimliyi ixtisasının II kurs tələbələri Nərgiz Bayramova və Türkanə İmranova konfransın mövzusu ətrafında məruzələrlə  geniş çıxış ediblər.  

   Daha sonra  tələbələr Ülviyyə Muxtarlı, Həmidə Kərimova və Fatimə Seyidova “Zəfər yolu” adlı şer səsləndiriblər.