GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ İDMANA BÖYÜK MARAQ GÖSTƏRİLİR

Son illər Gəncə Dövlət Universitetində digər sahələrdə olduğu kimi idmana da böyük maraq göstərilir. Məhz bunun nəticəsidir ki, idmançı tələbələrin sayı ildən ilə artır. Onlar bir sıra mötəbər yarışlarda uğurla çıxış edərək, Gəncə Dövlət Universitetinin şərəfini layiqincə qoruyurlar. Universitetin rektoru professor Yusif  Yusibov belə idmançı tələbələrə daim qayğı göstərir, onların tanıdılması üçün maraqlı görüşlər təşkil edir və müxtəlif hədiyyələrlə mükafatlandırır.

Əvvəlki illərdə olduğu kimi 2018-2019-cu tədris ilində də Gəncə Dövlət Universitetinin idmançı tələbələri  ali və orta ixtisas müəssisələri arasında keçirilən idman yarışlarında uğurla çıxış etmişlər. Xüsusi ilə XIV Respublika Universiadasında qazanılan uğurlar sevindirici olmuşdur. Həmin universiadada idmanın Futzal növü üzrə keçirilən yarışda universitetin komandası I yerə çıxmışdır. Tələbələrimiz Respublika Təhsil Nazirliyinin və Gənclik Tələbə İdman Cəmiyyətinin Respublika Şurasının birgə təşkil etdikləri Yunan-Roma sərbəst güləş növləri  üzrə keçirilən Respublika birinciliyində I yeri tutmuşdular.

Keçən ilin oktyabr ayında  oğlanlar və qızlar arasında keçirilən stolüstü tennis yarışları da uğurla başa çatmışdır. Hər iki yarışda komandalarımız II yerə layiq görülmüşlər. Bundan başqa atletika və şahmat üzrə yarışlarda da tələbələrimiz bir sıra uğurlar qazanmışlar. Respublika Təlsil Nazirliyinin və Gənclik Tələbə İdman Cəmiyyətinin Respublika Şurasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda atletiklərimiz III yeri, şahmat  və idmanın cüdo növü üzrə keçirilən yarışlarda tələbələrimiz IV yeri tutmuşlar.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş şəhər spartakiadasında da universitet tələbələri nümunəvi çıxış etmişlər. Oğlanlardan və qızlardan ibarət voleybol komandalarımız birinci yeri tutmuşlar. İdmanın dama, stolüstü tennis, oğlanlardan və qızlardan ibarət bosketbol komandalarımız da spartakiadanın qalibi olmuşlar. Şahmat yarışlarında isə tələbələrimiz II yerə çıxmışlar.

Ümimiyyətlə son illər tələbələrin asudə vaxtlarının səmərəli keçirmələri üçün idmana daha çox üstünlük verilir. Məhs bunun nəticəsidir ki, son illər universitetdə mövcud olan idman obyeklərinin maddi-texniki bazası xeyli gücləndirilmişdir. İndi universitetdə təhsil alan bütün tələbələrin idmanla məşğul olması üçün hər cür şərait vardır. Bu imkandan istifadə edən idmançı tələbələrin də uğurları ildən – ilə artır. Sənan Mustafayev idmanın güləş növü üzrə, Qədim Cəfərov idmanın Yunan-Roma güləş növü üzrə, Simarə Tağıyeva idmanın voleybol növü üzrə bir sıra uğurlar qazanmışlar. Əlbəttə, qazanılan bu uğurlar həm də məşqçilərin gərgin əməyinin bəhrəsidir. İdmanın voleybol növü üzrə məşqçisi Nigar Qasımova, şahmat növü üzrə məşqçisi İlhamə Quliyeva, Yunan-Roma güləş növü üzrə məşqçiləri Urfan Cabbarov və Xəqani Umudov idman sahəsində universitetin uğurlarını artırmaq üçün əllərindən gələni əsirgəmirlər.

İdman sahəsində uğurlar qazanan tələbələrimizə bundan sonrakı yarışlarda da nailiyyətlər qazanmağı arzulayırıq.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ