Gəncə Dövlət Universitetində “İnnovativ Öyrənmə Mərkəzi” adlı layihənin təqdimatı keçirilib
Gəncə Dövlət Universitetinin ikinci tədris korpusunda “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin “İnnovativ Öyrənmə Mərkəzi” adlı layihəsinin təqdimatı keçirilib. Təqdimatda Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək bildirib ki, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi 2000-ci ildən Gəncə şəhərində fəaliyyət göstərir. İctimai Birlik Azərbaycanda fəal gənclərdən ibarət sağlam vətəndaş cəmiyyətini təsis etməklə, gənclərin beynəlxalq səviyyədə ölkəmizi təmsil etməsinə kömək edir.
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Anaxanım Rzazadə çıxışında qeyd edib ki, layihənin məqsədi gənclərin məşğulluq imkanlarını dəstəkləmək və bununla bağlı regiondakı gənclər üçün veb proqramlaşdırma, qrafik dizayn və rəqəmsal marketinq mövzuları üzrə təlimlər təşkil etməkdir.
Təlimlər layihənin tərəfdaşı olan “Div Academy”-in peşəkar mütəxəssisləri tərəfindən müvafiq olaraq gələn il təyin olunan qrafiklə 4 və 6 ay ərzində həyata keçiriləcəkdir. Layihədə Gəncədə olan bütün tələbələr ödənişsiz olaraq iştirak edə bilərlər. Bunun üçün onlar “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinə müraciət edərək qeydiyyatdan keçməlidirlər.
Təqdimatda layihə ilə bağlı tələbələrin sualları cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti