Gəncə Dövlət Universitetində “Narkomaniyaya yox deyirik!” mövzusunda tədbir keçirilmişdir
Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Onun yaratdığı problemlər cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, dünya dövlətləri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirir, habelə, beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar. Ölkəmizdə də narkomaniyaya qarşı mübarizə sahəsində dövlət tərəfindən atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Bu sahədə fəaliyyət ardıcıl olaraq davam etdirilir və daha da genişləndirilir.
Universitetin ikinci tədris korpusunda “Narkomaniyaya yox deyirik!” mövzusunda keçirilən tədbirdə bütün bunlar barədə geniş söhbət getmiş, tələbələri maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Tədbir torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Sonra universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən, eləcə də Przident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən danışmışdır.
Sonra Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Niyaməddin Qasımov çıxış edərək narkomaniyanın törətdiyi bəlalardan, həmçinin son illər ölkəmizdə, eləcə də Gəncə şəhərində “ağ ölüm”ə qarşı aparılan mübarizə tədbirlərindən danışmışdır.
Gəncə Şəhər Baş Polis İdarəsinin azyaşlılarla iş bölməsinin rəisi, polis polkovnik-leytenantı Babək Sadıqov və Baş Polis İdarəsinin narkomaniyaya qarşı mübarizə bölməsinin rəisi, polis kapitanı Rəşad Hüseynov çıxış edərək narkomaniyaya aludəçiliyinin törətdiyi acı nəticələrdən söhbət açmışlar.
Tədbirdə iştirak edən tələbələrin suallarına aydınlıq gətirilmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.