SOS uşaq kəndində təcrübəçi tələbələrin istehsalat təcrübəsi davam etdirilir

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun 22.12.2021-ci il tarixli 4/149 saylı əmrinə əsasən tələbələrin ali məktəblərdə aldığı nəzəri bilikləri möhkəmləndirmək və sonrakı fəaliyyətində istifadəsini təmin etmək məqsədi ilə Sosial iş ixtisasının IV kurs tələbələri 16.02.2022-ci il tarixdən – 24.05. 2022-ci il tarixə kimi istehsalat təcrübələri SOS uşaq kəndində aparılması nəzərdə tutulmuşdur.

Gəncə şəhərində yerləşən SOS uşaq kəndində istehsalat təcrübəsinin gedişi ilə əlaqədər təşkil olunmuş dərsdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, rəhbər müəllim Şəhriyar Quliyev, SOS uşaq kəndinin koordinatoru Ceyhun Əliyev və Sosial işçi Cavanşir Ələkbərov iştirak edirdilər. SOS uşaq kəndinin koordinatoru müəssisə haqqında geniş məlumat verdi. Dünyada SOS uşaq kəndinin yaradıcısı Almaniyalı Herman Qmaner haqqında və kəndin fəaliyyəti ilə bağlı məlumatları təcrübəçi tələbələrə izah etdi. Fənn müəllimi baş müəllim Şəhriyar Quliyev mövzu ilə əlaqədar olaraq tələbələri ətraflı məlumatlandırdı. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.

Ümumiyyətlə, Gəncə Dövlət Universiteti ilə SOS uşaq kəndi arasında uzunmüddətli elmi, pedaqoji və ictimai xarakterli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.

Dərsin sonunda tələbələri maraqlandıran suallara müəssisənin rəhbərliyi ətraflı məlumat verdi. Tələbələr SOS uşaq kəndinin işçiləri ilə birgə xatirə şəkilləri çəkdirdilər.