Gəncə Dövlət Universitetinin əməkdaşları Daşkəsəndə yuxarı sinif şagirdləri ilə görüş keçiriblər

             Gəncə Dövlət Universitetinin (GDU) əməkdaşları  Daşkəsən rayon Təhsil sektorunda orta ümumtəhsil məktəblərinin direktorları və yuxarı sinif  şagirdləri ilə görüş keçiriblər.  

      Daşkəsən rayon Təhsil sektorunun müdiri Elmir Cəfərov çıxış edərək görüşün əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, məqsəd Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək və universitetdə tədris olunan ixtisaslar barəsində şagirdləri ətraflı məlumatlandırmaqdır.

     Görüşdə Gəncə Dövlət Universitetini təmsil edən işçi qrupu üzvləri-dosent A.Quliyev, dosent C.Qarayev, dosent C.Bağırzadə və dosent M.Orucov ali təhsil ocağında tədris olunan ixtisaslar, fakültələr, Tələbə Evi, kitabxanalar, laboratoriyalar və mərkəzlər haqqında geniş məlumat veriblər.

       Daha sonra Gəncə Dövlət Universitetinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

        Şagirdlərə GDU  haqqında hazırlanmış məlumat kitabı (buklet), diyircəkli qələm və dəftərçə təqdim olunub.

     Sonda görüş iştirakçılarının sualları ətraflı cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti