Gəncə Dövlət Universitetinin nümayəndə heyəti Kırşehir Ahi Evran Universitetinin rəhbərliyi ilə görüşüb

Gəncə Dövlət Universitetinin nümayəndə heyəti universitetdə keyfiyyət təminatı sisteminin qurulması, eyni zamanda daxili keyfiyyət təminatı sisteminin mütəmadi monitorinq və qiymətləndirilməsi mexanizminin öyrənilməsi məqsədilə  14-18 iyul 2025-ci il tarixlərində Kırşehir Ahi Evran Universitetini ziyarət edib. Səfər zamanı Kırşehir Ahi Evran Universitetinin bu sahədə mövcud olan layihə və fəaliyyətlərini birbaşa müşahidə etmək mümkün olub.

Kırşehir Ahi Evran Universiteti keyfiyyət təminatı sisteminin qurulması sahəsində Türkiyə ali təhsil sisteminə nümunə olan, bu sahədə olan uğurlarını beynəlxalq arenada nümayiş etdirən bir universitetdir. Qeyd edək ki, Kırşehir Ahi Evran Universiteti bu fəaliyyətlərinə görə Türkiyə Respublikası Universitetləri arasında ilk dəfə beynəlxalq səviyyəli “EFQM 5 ulduz” sertifikatına layiq görülüb.

16 iyul 2025-ci il tarixində Kırşehir Ahi Evran Universiteti rektorluğunda baş tutan görüşdə universitetin rektoru Prof. Dr. Mustafa Kasım Karahocagil, prorektorlar Prof. Dr. Hüseyin Şimşək, Prof. Dr. Musa Özata və Prof. Dr. Ali Günəş, Baş Katib Dr. Hüseyin İlter və Gəncə Dövlət Universitetinin İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov, Keyfiyyət Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov, Tədris departamentinin direktoru Elturan Yusifov, İKT şöbəsinin müdiri Asif Həsənov və İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev iştirak edib.

Səfər zamanı hər iki universitetin rektoru tərəfindən 19 fevral 2025-ci il tarixində Gəncə Dövlət Universitetində imzalanmış müqaviləyə əlavə olaraq “Keyfiyyət İdarəetmə Sistemləri sahəsində ikitərəfli əməkdaşlıq protokol”u imzalanıb.

Kırşehir Ahi Evran Universiteti ilə Gəncə Dövlət Universiteti arasında imzalanan bu protokol, mövcud protokola əlavə olaraq, keyfiyyət idarəetmə sistemləri, daxili keyfiyyət təminatı mexanizmləri, İnteqrasiya edilmiş Keyfiyyət İdarəetmə Sistemi (BKYS) tətbiqləri və proses əsaslı keyfiyyət idarəetməsi sahələrində akademik, texniki və inzibati əməkdaşlığı gücləndirməyi hədəfləyir. Protokol həmçinin keyfiyyət təminatı sistemlərinin yaradılması, təkmilləşdirilməsi və monitorinqi üçün texniki dəstək və məsləhət fəaliyyətlərini əhatə edir. Eyni zamanda BKYS-nin tətbiqi, quraşdırılması, təlimi və pilot tətbiqi, keyfiyyət standartlarına əsaslanan ən yaxşı təcrübələrin mübadiləsi, birgə təlimlər və seminarlar, sorğularda və məlumatların təhlilində əməkdaşlıq, akademik heyətin mübadiləsi, birgə layihələr və nəşrlər, keyfiyyətin idarə edilməsi mövzusunda elmi tədbirlərin təşkili nəzərdə tutulur. Bundan əlavə, protokol çərçivəsində tərəflər birgə magistr və doktorluq dissertasiyaları, layihələrin idarə edilməsi və keyfiyyət təminatı sistemləri ilə bağlı məsləhət xidmətləri üzrə akademik əməkdaşlıqları inkişaf etdirə biləcəklər.

Gəncə Dövlət Universiteti və Kırşehir Ahi Evran Universiteti arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə Kırşehir Ahi Evran Universitetinin Fənn və ədəbiyyat fakültəsində bir dərs otağına Nizami Gəncəvinin, Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində isə bir dərs otağına Ahi Evran-ı Vəlinin adının verilməsi haqqında qərar qəbul edilib.

Sonda Kırşehir Ahi Evran Universiteti rektoru Prof. Dr. Mustafa Kasım Karahocagil Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovu və onun gələcək nümayəndə heyətini 22-24 sentyabr 2025-ci il tarixlərində təşkil ediləcək “Ahilik həftəsi”ndə iştirak etmələri üçün dəvət etdiyini bildirib. Səfər zamanı Nizami Gəncəvinin adının verilməsi planlaşdırılmış dərs otağının da açılışı planlaşdırılıb.

Görüşün sonunda hər iki universitet tərəfindən qarşılıqlı olaraq hədiyyə təqdimetmə mərasimi təşkil edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti