Gəncə Dövlət Universitetinin professor –müəllim heyəti Daşkəsən rayonunda yuxarı sinif şagirdləri ilə görüş keçiriblər

   Gəncə Dövlət Universitetinin (GDU) professor-müəllim heyəti  Daşkəsən rayon Təhsil sektorunda orta ümumtəhsil məktəblərin  yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.  

    Daşkəsən Rayon Təhsil Sektorunun müdiri Vüsal Cəfərov çıxış edərək görüşün əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, məqsəd Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək və universitetdə tədris olunan ixtisaslar barədə şagirdləri ətraflı məlumatlandırmaqdır.

     Görüşdə Gəncə Dövlət Universitetini təmsil edən işçi qrupunun üzvləri – dosent C.Qarayev, dosent  A.Quliyev, dosent C.Bağırzadə, dosent E.Atakişiyev universitetin fəaliyyəti, ali təhsil ocağında tədris olunan ixtisaslar barədə geniş məlumat veriblər.

       Çıxış edənlər Gəncə Dövlət Universiteti və Türkiyə Respublikasının Dokuz Eylül Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən ikili diplom proqramı çərçivəsində tədris olunan ixtisaslar və bu istiqamətdə tələbələrə yaradılan imkanlardan bəhs ediblər.

      Daha sonra Gəncə Dövlət Universitetinin tədris binaları, kitabxanaları, idman zalları, laboratoriyaları, auditoriyaları və Tələbə Evi haqqında videoçarx nümayiş etdirilib.

     Görüşün sonunda şagirdlərə universitetin fəaliyyətinə dair məlumat kitabçası, diyircəkli qələm və dəftərçə təqdim olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti