GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN PROFESSOR –MÜƏLLİM HEYƏTİ ŞƏMKİRDƏ GÖRÜŞ KEÇİRİB
Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti Şəmkir Rayon Təhsil sektorunda 40-a yaxın orta ümumtəhsil məktəbinin yuxarı sinif şagirdləri ilə görüş keçirib.
Universitetin işçi qrupunun üzvləri dosent A.Quliyev, dosent C.Qarayev, dosent C.Bağırzadə çıxış edərək GDU-da tədris olunan ixtisaslar, mövcud fakültələr, ali məktəbin beynəlxalq əlaqələri haqqında söhbət açıblar.
Şəmkir Rayon Təhsil Sektorunun əməkdaşı Rauf Verdiyev çıxışında qeyd edib ki, görüşün əsas məqsədi Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və universitetdə tədris olunan ixtisaslar barədə şagirdlərin məlumatlandırılmasıdır.
Görüşdə Gəncə Dövlət Universitetinin tədris binaları, laboratoriyaları, kitabxanaları, idman zalları və tələbə yataqxanası haqqında olan məlumatları əks etdirən videoçarx nümayiş olunub.
Şəmkir Rayon orta ümumtəhsil məktəblərinin müəllimləri – Tərgül Qüdrətli və Nərgiz Abbasova çıxış edərək Gəncə Dövlət Universitetinin məzunu olduqları üçün fəxr etdiklərini bildiriblər və görüşün əhəmiyyətindən danışıblar.
Sonda şagirdlərə universitetin fəaliyyətini əks etdirən bukletlər, diyircəkli qələmlər və blaknotlar təqdim edilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti